FED.az xəbər verir ki, Fond, Nizamnaməsinə uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olub peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsil alan gənclərin təhsil xərclərini tam və ya qismən həmin şəxslərin müraciəti əsasında aşağıdakı tələblər nəzərə alınmaqla maliyyələşdirə bilər:
- müraciət edən şəxs, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxs kateqoriyasına aid olmalıdır;
- müraciət edən şəxsin təhsil xərcləri digər mənbələrdən ödənilməməlidir;
- müraciət edən şəxsin təhsil müəssisəsindəki davamiyyəti və təhsil göstəriciləri qənaətbəxş olmalıdır;
- müraciət edənin təhsil xərclərinə təhsil haqqı, yaşayış xərcləri (yataqxana və ya ev kirayəsi), gündəlik yemək xərcləri, zəruri tədris vəsaitləri və ləvazimatı ilə təminat xərcləri və nəqliyyat xərcləri (yaşadığı ünvandan tədris müəssisəsinin yerləşdiyi ünvana gediş-gəliş xərci, habelə təhsil müəssisəsi onun daimi yaşadığı şəhərdən (rayondan) kənarda yerləşdikdə, ildə 2 (iki) dəfə həmin şəhərə (rayona) gediş-gəliş xərci) daxildir;
- müraciət edən şəxsin təhsil müəssisəsinin yataqxanasında yerləşdirilməsi mümkün olmadıqda və ya təhsil müəssisəsi yataqxanaya malik olmadıqda ev kirayəsi üçün maliyyə vəsaiti ayrılır.
Qaydalara görə, təhsil haqqı və yataqxana xərclərinin maliyyələşdirilməsi Fondla müvafiq təhsil müəssisəsi arasında bağlanmış razılaşmaya əsasən illik əsasda, digər təhsil xərcləri isə aylıq əsasda həyata keçirilir. Fondun müraciət edən şəxsin təhsil aldığı təhsil müəssisəsindən həmin şəxsin təhsil müəssisəsindəki davamiyyəti və təhsil göstəricilərinə dair məlumat almaq hüququ vardır.
Təhsil xərclərinin maliyyələşdirilməsi üçün müraciətə aşağıdakı sənədlər əlavə edilir:
- şəxsiyyət vəsiqəsinin və tələbə biletinin surəti;
- müraciət edənin sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxs kateqoriyasına aid olduğunu təsdiq edən sənəd;
- müraciət edən şəxsin təhsil almasına və təhsil müəssisəsinin yataqxanasında qalmasına dair müvafiq təhsil müəssisəsinin arayışı;
- müraciət edən şəxsin təhsil müəssisəsinin yataqxanasında yerləşdirilməsinin mümkünsüzlüyü və ya təhsil müəssisəsinin yataqxanaya malik olmamasına dair müvafiq təhsil müəssisəsinin arayışı (ev kirayəsi üçün vəsait ayrıldığı halda);
- müraciət edən şəxsin təhsil müəssisəsindəki davamiyyəti və təhsil göstəricilərinə dair arayış.
Onu da deyək ki, təhsil xərclərinin maliyyələşdirilməsi üçün müraciətlərin qəbulu, qiymətləndirilməsi və onlara baxılma qaydasını Şura müəyyən edir.