Karantin rejiminə görə bəziləri işi ofisə getmədən, evdən icra edir. Evdə işləmək isə gündəlik işə gedərkən qurulan rejimi bir qədər pozur. Yuxudan durma və yemək yemək saatlarında dəyişikliklər olur. Evdən işləməyinizə baxmayaraq həm mənəvi, həm də fiziki sağlamlığınızın qeydinə qalmağa diqqət yetirin.
Eləcə də bax: İyulun 20-dən sonra karantin rejimi uzadılacaq? - RƏSMİ
FED.az evdə işləyənlərin bilməsi lazım olan vacib qaydaları təqdim edir:
Rejiminizi pozmamağa çalışsanız, həm bu müddətdə sağlam qalar, həm də vəziyyət düzələndə yenidən rahat adaptasiya ola bilərsiniz. Məsələn, hər gün 9-da işdə olmaq üçün 7-də yuxudan oyanırdınızsa, indi də 7, ya da 7:30-da durmağa çalışın. Bu zaman siz səhər yeməyinizi vaxtında yeyib, saat 9-da iş başında ola biləcəksiniz.
İş və ev saatlarını ayırın. Mənəvi olaraq işə başlamaq və işdən uzaqlaşmaq üçün geyiminizi dəyişin. İşə başlamazdan öncə nisbətən işə uyğun geyinib, iş saatı bitəndə də ev geyiminə keçib dincəlin.
İşiniz kompüter arxasındadırsa, deməli, saatlarla oturmağa məcbursunuz. Hər saat başı 10-15 dəqiqə eyvana çıxıb hava almağa, yoqa etməyə, ya da divanda uzanıb bədəninizin dincəlməsinə şərait yaradın. Uzun müddət oturaq vəziyyətdə iş görmək olmaz.
İşinizi stol arxasında görün, divanda, yataqda uzanaraq və ya yarımçıq oturaraq kompüterdə iş görmək sizə daha çox narahatlıq və problem yaradacaq.
Kompüteri bağlayıb televiziya qarşısına keçmək düzgün deyil. Ona görə də iş bitdikdən sonra yemək bişirmək, yaxud ev işlərini görmək daha məsləhətlidir. Mütləq kitab oxumağa və idman etməyə vaxt ayırın. Saatlarla ekran qarşısında olmaq gözlərimiz, zehnimiz üçün heç də yaxşı deyil.
Artıq iş üçün ofisə gedərkən yolda itirəcəyiniz vaxtı evdə dəyərləndirmək kimi bir şansınız var. Bu şansı yaxşı dəyərləndirmək lazımdır. Yeni araşdırmalar edib, maraq dünyanızı inkişaf etdirə bilərsiniz. Dil öyrənmək, izləməzdiyiniz filmləri izləyib, hazırlamaq istədiyiniz yeməkləri bişirmək üçün əla vaxtdır. (Modern)