İsmayıllı rayonunda, Heydər Əliyev adına parkda əmək yarmarkası təşkil olunub.
Dövlət Məşğulluq Agentliyindən FED.az-a verilən məlumata görə, yarmarkada 16 işəgötürən tərəfindən 200-ə yaxın vakansiya təqdim edilib.
Yarmarkada İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev iştirak edərək işəgötürənlərlə tanış olub, təqdim edilən vakansiyalarla maraqlanıblar.
Yarmarkada sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Həmçinin iştirakçılara işğaldan azad olunmuş ərazilərimizdə icra olunan aktiv məşğulluq proqramları barədə məlumatlar verilib.