Gələn ildən işçilər ərizə yazmadan da məzuniyyətə göndərilə bilər. Bu məqam Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.
Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası dəyişir
FED.az xəbər verir ki, gözlənilən yeniliyi şərh edən iqtisadçı ekspert Anar Bayramov layihədə Məcəlləyə əmək məzuniyyətləri ilə bağlı mühüm dəyişikliklərin nəzərdə tutulduğunu bildirib.
Onun sözlərinə görə, işçinin ərizəsi alınmadan məzuniyyətə göndərilməsi üçün bəzi şərtlər tələb olunacaq: “Əmək Məcəlləsinin 138-ci maddəsinin (“Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması”) I hissəsinə əsasən, bütün növ məzuniyyətlərin verilməsi işçinin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Maddənin mövcud tələblərinə görə, işçinin əmək məzuniyyətinə göndərilməsi üçün onun məzuniyyət hüququndan istifadə etməklə mütləq qaydada ərizə təqdim etməsi tələb olunur. Təklif edilən dəyişikliklə işçinin ərizəsi olmadan əmək məzuniyyətinə göndərilməsi halının da Əmək Məcəlləsinə daxil edilməsi nəzərdə tutulur. Belə ki, 138-ci maddəyə əlavə edilməsi təklif olunan 2-1-ci hissəyə əsasən, işəgötürən tərəfindən yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq edildikdən sonra işçi əmək məzuniyyətinin növbəlilik cədvəlinə, habelə əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtlərinə və qaydasına riayət etmədən əmək məzuniyyətindən (tam və ya qismən) istifadə üçün işəgötürənə ərizə ilə müraciət etmədikdə, işəgötürənin əmri (sərəncamı, qərarı) ilə müvafiq iş ilinin əmək məzuniyyətinə göndərilə bilər”.
İqtisadçı əlavə edib ki, işəgötürənin Əmək Məcəlləsinin 138-ci maddəsinin 2-1-ci hissəsindən istifadə edə bilməsi üçün aşağıdakı şərtlərin eyni vaxtda mövcud olması təklif edilir:
- İşəgötürən tərəfindən əmək məzuniyyətinin növbəlilik cədvəlinin tərtib edilməsi;
- İşçinin əmək məzuniyyətinin başqa vaxta keçirilməsi ilə bağlı əsasların mövcud olmaması;
- İşçiyə əmək məzuniyyətinin növbəlilik cədvəli barədə işəgötürən tərəfindən yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlığın edilməsi;
- İşçinin həmin xəbərdarlıqdan sonra əmək məzuniyyətindən istifadə ilə bağlı ərizə ilə müraciət etməməsi.
“Qeyd edilən dörd şərt mövcud olduqda, Əmək Məcəlləsinə təklif edilən dəyişiklik işəgötürənə işçinin ərizəsi olmadan, əmr (sərəncam, qərar) əsasında müvafiq iş ili üzrə əmək məzuniyyətinə göndərmək hüququ verir”, - A.Bayramov bildirib. (Vergiler)










