İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FED.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, bu bölgədə hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 23-28, dağlıq rayonlarda 14-18 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsinə üz tutanları arabir yağışlı hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 24-29, dağlıq rayonlarda 15-20 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, sentyabrın 23-də gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi üstünlük təşkil edəcək, arabir güclənəcək. Havanın maksimal temperaturu 25-30 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-nın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, sentyabrın 23-də gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 25-30 dərəcə isti təşkil edəcək.
Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, sentyabrın 22-si gündüz, 23-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 24-28 dərəcə isti təşkil edəcək.