Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.
Eləcə də bax: İşsizlər üçün yeni ödənişlər başlayır – NAZİRLİK AÇIQLADI
FED.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, işsiz kimi qeydiyyata alınmaq və ya birdəfəlik ödəməni (190 manat) almaq üçün karantin rejimini pozub evdən çıxaraq Məşğulluq Mərkəzlərinə müraciət etməyə heç bir ehtiyac yoxdur. Xüsusi karantin rejimi ilə əlaqədar hazırda mərkəzlərdə vətəndaş qəbulu da həyata keçirilmir.
Eyni zamanda, işsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılır. Belə ki, işsiz şəxs qeydiyyata alınması üçün www.e-sosial.az portalına daxil olaraq “e-xidmətlər” bölməsindən “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” xidmətini seçməlidir.
Birdəfəlik ödəmənin verilməsində ünvanlılıq prinsipi, şəxsin ailə gəlirləri nəzərə alınacaq. Bununla əlaqədar mexanizm hazırlanır. Həmin proses yaxın günlərdə başa çatdıqdan sonra birdəfəlik ödəmə vəsaitləri işsizlərə nağdsız qaydada (bank xidmətləri vasitəsilə) ödəniləcək.
Nazirlik bir daha işsiz şəxslərə birdəfəlik ödəməni almaq və ya işsiz kimi qeydiyyata alınmaq üçün Məşğulluq Mərkəzlərinə müraciət etməyi, bunun üçün evdən çıxaraq xüsusi karantin rejimini pozmamalarını tövsiyə edir.