Məlum olduğu kimi Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğın zamanı sahibkarlara böyük ziyan dəyib.
FED.az xəbər verir ki, bəzi sahibkarlar mallarını sığortalamadığına görə, bu zərəri qarşılayan olmayıb və bəzi iş adamları müflisləşmək həddinə çatıblar. Amma onların arasında elələri var ki, mallarını hər il sığortalasa da, bu il təsadüf nəticəsində bu məsələni sonraya saxlayıb və böyük zərərlə üzləşib.
«Mən hər il satdığım malları sığorta etdirirdim. Bu il də sığortanın vaxtı bitdi sığorta şirkətindən adam gəldi. Amma üstümdə pulum az idi, həm də yeni mallarım gəlirdi, gömrükdə idi, dedim ki, mallar gəlsin çatsın hamısını birlikdə sığortalayarıq. Nəticəsi də belə oldu» -deyə «EuroHome»da sahibkar fəaliyyəti göstərən Zamiq Əhmədov FED.az-a bildirib.
«EuroHome»də kombi, digər istilik sistemləri və santexnika məhsulları satan Zamiq Əhmədovun böyük mağazası olub: «Çindən Azərbaycana mal gətirirdim. Dükanınım birinci mərtəbəsi 220 kv metr , ikinci mərtəbəsi 320 kv metr idi. Rusiyadan kanalizasiya boruları gətirmişdim. Hamısı yandı»-deyə Zamiq Əhmədov bildirib.
Eləcə də bax:"Yanğından 2 gün əvvəl "EuroHome"a xəbərdarlıq etmişdik" - FHN-DƏN GÖZLƏNİLMƏZ AÇIQLAMA
İş adamının sözlərinə görə, yanan dükanında 400-500 min məbləğində malı olub: «Banklardan pul götürüb qoymuşdum. Əksər satdığım mallar özümüm idi. Satdığın mallar arasında 30-35 mini borc idi».
Ticarət mərkəzində icarə haqqı 22 manat olub: «Kvadratmetrin icarə haqqı 22 manat idi, mən ayda 5200 manat icarə haqqı verirdim».
Zamiq Əhmədov bildirir ki, indiyədək mallarını sığortalayıb, hətta faydasınıda görüb: «Bir dəfə dükanımı su basmışdı. Onda sığorta dəymiş zərəri ödəmişdi. Ona görə də hər il malları sığortalatdırırdım. Təkcə bu il gecikdim, axırı belə oldu».
Ondan fərqli olaraq «EuroHome»da əksər sahibkarların sığootası olmayıb: «Burada çoxlarının sığortası yox idi. «Sədərək» ticarət mərkəzində də belədi. Sığortaya zəng etmişəm ki, «Sədərək» ticarət mərkəzindəki dükanımı sığortalıyım, şirkət deyir ki, buranı hansı sənədlə sığortalayaq, obyektin heç bir sənədi yoxdur axı. «Sədərək» ticarət mərkəzində heç kimin sənədi yoxdur. Ona görə də sığortalamırlar»
Eləcə də bax:“EuroHome”da mağazaları yanan sahibkarlar - YOLU BAĞLADI - VİDEO
Qeyd edək ki, «Eurohome»da ümumilikdə 140 dükan yanıb. Kənarda olan 30-40 dükana zərər dəyməyib: «Onlar əvvəl anbar kimi tikilmişdi. Sonradan mağaza etdilər»-deyə sahibkar bildirib.
Zamiq Əhmədov bildirir ki, hələlik «EuroHome»da dükanı yanan sahibkarlara hələ heç kim, heç bir yer təklif etməyib: «Gözləyirik necə olacaq. Mən özüm dükan axtarıram ki, götürüb işlədəm. Yanımda işləyən fəhlələr 500-600 manat maaş alır. Heç olmasa onların maaşını verə bilək» -deyə sahibkar bildirib.
Bir neçə gən əvvəl sahibkarlar Bakı-Sumqayıt yolunu bağlayıblar. Həmin vaxt Binəqədi rayon icra hakimiyyətinin başçısı və «Eurohome»nin sahibi Azay Möhnətov da yanğın ərazisinə gəlib. Rəsmilər sahibkarlara bildiriblər ki, cümə və ya şənbə günü sahibkarlarla görüşəcəklər: «Azay müəllim də dediki yeni bazar tikiləcək. Hamı yerləşdiriləcək. Bunları başa düşdük bəs mallarımı necə olacaq onu bilmirik. Yeni bazar həmun yerdə tikiləcək. Ola bilər ki, yola görə bir qədər arxada tikilsin. Bazarın 5 hektar yeri var. Yanğın 3 hektardan çox ərazisində olub».
Z.Əhmədov bildirir ki, bazardakı sahibkarlara ümumilikdə 10 milyon manata yaxın zərər dəyib: «O bazara 10 milyon manat ayrılsa hamının zərəri ödənər. Orada 5-6 böyük dükan var, biridə mənim mağazamdır. Mən dükançılara dedim ki, hamı dəyən zərəri insafla yazsın. Heç kim yalandan böyük məbləğdə yazmasın. Onsuz da bazarın işçiləri, kameraları var, mağazalarda nə qədər mal olduğu bilinir. Ümidizmi kəsmirik hökumətə inanırıq»-deyə Eurohomedəki sahibkar bildirib.