ASAN Radioda yayımlanan «Sahibkarlar klubu» verilişinin növbəti qonağı iş adamı, «Prego» supermarketlər şəbəkəsinin, eləcə də restoran və aptek biznesinin idarəçisi Hidayət Rəhimov olub.
FED.az iş adamı ilə müsahibəni təqdim edir.
Eləcə də bax: Azərbaycanda işçidən hansı məlumatları - GİZLƏTMƏK OLAR? – QANUNUN İZAHI
- Hidayət müəllim. Bizə verilən arayışda göstərilir ki, siz ABB-nin müştərisisiniz və sizin bir neçə biznesiniz var. Bunlardan biri ticarət, yəni supermarketlər, biri restoran, biri də ki, aptekdir. Müasir terminlərlə danışsaq, sizin hibrid biznesiniz var. Əvvəlcə bilmək istəyirdik, bu üç biznes sizin öz biznesinizdir, yoxsa ailə biznesidir?
- Bu, bizim ailə biznesimizdir. Atam biznesə atam, supermarket işi ilə başlayıb.
- Neçənci ildən biznesə başlayıb?
- 1994-95-ci illərdə. Mən özüm 1995 təvəllüdəm.
- Yəni siz anadan olanda o, artıq bu biznes vardı, eləmi?
- Bəli, elədir, Bakı şəhərinin müxtəlif regionlarında 5 supermarketimiz var. Mən özüm İngiltərədə təhsil almışam, biznesin idarə olunması ilə əlaqəli həm bakalavr, həm magistr təhsilimi orada almışam.
- Hidayət bəy, atanız sizi ona görə ora göndərmişdi ki, qayıdıb biznesi davam etdirəsiniz?
- Bəli, ailə biznesini davam etdirmək üçün göndərmişdi. Elə bizim dərslərimizin arasında də «family business», yəni ailə biznesi ixtisası da var idi. Yəni sonradan ailə biznesinə necə adaptasiya olunmaq olar, necə olmaq lazımdır və sair. Belə də oldu, qayıdandan sonra da elə birbaşa başladım, artıq 2 ildir biznesi idarə edirəm.
- Siz bizim artıq neçərnci müsahimizsiniz ki, ailələrinin başladığı biznesi davam etdirir. Hətta bizim müsahiblərimizdən birini ailəsi Çinə göndərmişdi ki, paltar biznesini (artıq onlar burada istehsal eləyirlər) onu öyrənib gəlsin. Bizə maraqlıdır, ailə biznesinin digər biznesdən fərqi yoxdur? Yəni adi biznesinin idarə olunması ilə ailə biznesinin idarə olunması nədir?
- Burada əsas məsələ odur ki, mənim atam bu işə başlayıb, ondan sonra bu, o demək deyil ki, biz bir yerdə işləməliyik, ancaq bir yerdə qərarlar verməliyik.
- Məsələn, ailə biznesində ailə üzvlərini, ya da qohumları işə götürmək şərtdirmi?
- Xeyr, belə bir şey yoxdur. Bizdə bir çox tanımadığımız, yəni bir çox sonradan tanıdığımız insanlar var ki, bizimlə işləyir, artıq bizim 100-dən çox işçimiz var, amma içlərində qohumumuz yoxdur.
- Niyə yoxdur maraqlıdır? Bəziləri deyir ki, qohumlarla işləmək problemlidir, bu səbəbdəndirmi?
- Bəli.
- Problem yaranır, sonra qohumluq əlaqələri də korlanır, eləmi?
- Əslində təcrübəmizdə olmayıb, amma atam həmişə buna (qohumları işə qəbul etməyə) qarşı olub. Qohumla işləmək bir az çətin olur. Məncə peşəkarlığı da bir az aşağı salır. Haradasa qərar verəndə sən istər-istəməz onu nəzərə alırsan, bu da sənin qərarlarına maneçilik törədir, ayrı-seçkiliyə səbəb olur, nə qədər də demokratik olmağa çalışsan, bu, mümkün deyil.
- Sizdə həm supermarket, həm restoran, həm də aptek biznesi var. Aptek biznesinə yeni başlamısınız?
- Bəli, aptek biznesimiz yeni başlayıb, artıq 2-3 aydır ki, fəaliyyət göstərir.
- Kim qərar verdi ki, artıq aptekə də keçməlisiniz?
- Bu bizim, mənim təklifim oldu. Məsələ bundadır ki, bacımın tibb təhsili var, əczaçılıq üzrə, biz elə düşündük ki, bu, əsl yerinə düşüb, onun da elə həvəsi var idi və biznesi qurduq.
- Şübhələnirəm ki, ona da məqsədyönlü şəkildə tibb təhsili veriblər ki, sonra aptek açsın, eləmi?
- Bəli, elədir, amma bu onun öz seçimi idi. Bizdə atam təhsillə bağlı nə mənim, nə də bacımın seçimlərinə heç vaxt qarışmayıb. Mən londona gedəndə də dedi ki, ürəyin istədiyi sahəni, nəyə məqsədin varsa, onunla bağlı da təhsilini al. Ancaq vəziyyət elə gətirdi ki, bir ailə biznesiylə bağlı ikimizin də maraqlarımız üst-üstə düşdü. O da yeni başlayıb, biz də bir yerdə dəstək oluruq bir-birimizə.
- Gəlin biz keçək bizneslərə. Dediniz ki, 5 mağazanız var. Azərbaycanda elə şəbəkələr var ki, onların 50, 100, 70, hətta 1000 mağazası var. Siz onlarla necə rəqabət aparırsınız? Çünki belə baxanda dünyada getdikcə şirkətlər böyüyür, kiçikləri udurlar. Siz bu prosesə necə davam gətirirsiniz?
- Təbii ki, rəqabət çox çətinləşib, ancaq rəqabət bir tərəfdən də inkişaf gətirir. Biz çalışırıq ki, xidmətimizin səviyyəsi heç vaxt iri şirkətlərdən geri qalmasın. Bəlkə də böyümək və sair məsələlərdə iri şəbəkələrdən geri qalmaq olar, ancaq düşünürəm ki, xidmətdə, mağazalarımızdakı çeşidlərdə və ya işçilərin peşəkarlığında heç də geri qalmırıq. Bundan əlavə, mağazalarımızın lokasiyaları, yerləşmələri çox yaxşıdır, çox da təsir etmir, bu tərəfdən baxdıqda yəni bir az da bəxtimiz gətirib, yəni hələ ki, işlər pis getmir.
- İndi müqayisə aparanda dövrləri 3 yerə bölürlər: indiki dövr, pandemiya dövrü və pandemiyadan əvvəlki dövr. Şərti olaraq 19-cu ilin ortaları deyək. Ticarətinizin dövrəiyyəsi 19-cu ildə çox idi, 20-ci ildə, yoxsa indi?
- 19-cu ildə, sonra kəskin azaldı.
- İndi bərpa olunub?
- Bəli, indi bir qədər bərpa olunub.
- Pandemiyaya görə, ötən il dövlət sahibkarlara dəstək verirdi, məsələn işçilərin əmək haqqını ödəmək üçün, siz bu dəstəyi ala bildiniz?
- Xeyr. Bizim sahə ona uyğun deyildi, çünki biz işləyirdik, dayanmamışdıq.
- Yeri gəlmişkən, bizə dedilər ki, pandemiya və məhdudiyyətlər dövründə, başqa bizneslər bağlansalar da, supermarketlərin ticarəti artıb, çünki adamlar evdə olanda daha çox qidalanırlar. Bu doğrudur?
- Bu hal bilirsiniz haçan oldu. Tam qapanma olanda ticarət doğrudan da artmışdı, hansı ki, həftə sonlarında (o, bir neçə dəfə oldu) bağlanma olurdu. Amma hansı ki, uzunmüddətli 3 saat limitlə biz küçəyə çıxa bilirdik, onda kəskin azalma olmuşdu. Yəni bu da qaçılmazdır, çünki iş yerləri bağlıydı, məktəblər bağlı idi və s.
- Ticarət şəbəkələrində alıcıların aktivliyi, alışların həcmi necə dəyişib? Yəni orta çek deyilən bir anlayış var – bir müştərinin ticarət etdiyi orta məbləğ. 2 il bundan əvvəl, 2020-ci ildə və indi bu məbləğ necə dəyişib?
- 2020-ci ildə aşağı idi, indi nisbətən artıb. Ancaq 2019-cu ildə, pandemiyadan öncəki dövrdə bundan da yuxarı idi.
- Mağazadakı mal çeşidinə baxanda yerli mal çoxdur, yoxsa xarici mal?
- Xarici mal təəssüf ki.
- Amma bir il əvvəlki vaxtla müqayisədə fərq varmı?
- Əlbəttə var. Hətta 2015-ci ildə, devalvasiyadan başlayaraq, cənab prezidentin də yerli məhsulların artması, ölkədə istehsalın artması ilə bağlı bir çox tapşırıqları və islahatları oldu. Ondan sonra hər il yerli məhsulların sayı marketlərdə, rəflərdə daha çox artmağa başlayıb və tələbət da, keyfiyyət də artmağa başlayıb.
- Hidayət bəy, siz aptek şəbəkəsinə yenicə qoşulmusunuz. Aptek biznesi asandır, yoxsa ticarət biznesi?
- Məncə aptek daha asandır.
- Bunun səbəbi nədir? Rəqib azdır, yoxsa başqa səbəb var?
- Bu səbəb də var. Çünki birincisi, bir çox supermarketlərin hər biri endirimlər eləyir, kampaniyalar və sair. Amma aptekdə belə bir imkan yoxdur. Çünki qiymətlərin əksəriyyəti onsuz da Tarif Şurası tərəfindən müəyyən edilir.
- Endirim imkanı yoxdur onsuz da?
- Endirim imkanı onsuz da yoxdur, bu da elə rəqabəti aradan qaldırır. Sənin burada sadəcə edəcəyin malların son bitmə vaxtına nəzarət eləməlisən vaxtında, çeşidini çox saxlamalısan ki, müştərinin tələbata görə istədiyini verə biləsən.
- İkinci səbəb odur ki, apteklərdə dərmanların çeşidi supermarketdəki məhsul çeşidi qədər çox deyil. Yəni bir çox insan onsuz da dərmanı adla gəlir “bu dərmanı istəyirəm, o dərmanı istəyirəm”, məncə daha asandır.
- Restoran biznesində vəziyyət necədir, ötən il restoranlar tamam dayanmışdı və biznes böyük zərərdə idi. İndi bunu kompensasiya etmək mümkün olubmu?
- İndi bəli, əsas da yayda çox yaxşı oldu. Pandemiyadan sonra insanlar onsuz da sıxılırdı evdə, heç kim evdə qalmaq istəmirdi...
- Üstəlik pullarını da xərcləməmişdilər...
- Bəli. Pandemiyadan sonrakı dövr çox yaxşı oldu, indi də stabil gedir, davam eləyir.
- Belə bir deyim var ki, restorana ailə ilə ailəylə gələndə daha çox pul xərclənir. Yəni ailəylə gəlməyənlərlə müqayisədə hesab daha çox olur, bu doğrudur?
- Məncə restorana ailə ilə gəlməyəndə hesab daha çox olur, çünki elə hallarda süfrədə içki də olur. İçki daha çox hesab gətirir.
- Yeri gəlmişkən, son bir ildə alkoqollu içkilərin satışı artıb, yoxsa azalıb? Mən həm mağazaları, həm də restoranı nəzərdə tuturam.
- Artıb, səbəbini dəqiq deyə bilmərəm, ancaq bəlkə həm də müalicə məqsədilə, virusdan qorunmaq üçün içirlər. İstənilən halda xeyli artıb, supermarketdə də, restoranda da.
- Siz dediniz ki, pandemiya dövründə dövlət tərəfindən dəstək olmadı, çünki ticarət sektoru, supermarketlər işlərini dayandırmamışdı. Amma sizin restoran biznesi də var və o, dayanmışdı. Buna görə sizə dövlət dəstəyi oldu?
- Xeyr, olmadı.
- Niyə?
- Mən düşünürəm ki, bizim supermarketlər işləyirdi və bunlar da restoran da eyni VÖEN altında fəaliyyət göstərir, hesab ediblər ki, yardıma daha çox ehtiyacı olanlar var və bu da başa düşülən idi.
- Siz müxtəlif sahələri təmsil edən iş adamısınız. Hər hansı bir sahədə çətinliyiniz varmı? Yəni sizə problem yaradan, narahat eləyən bir məsələ varmı?
- Bizi ən çox narahat eləyən, daha doğrusu, işimizi daha da çox artıran, problem yaradan məsələ - bir az işçi dəyişikliyi, yəni işə girib-çıxma halları ilə bağlıdır. Yəni biz bir işçini götürürük, ona ərizə yazdırırıq rəsmi surətdə, onun müqavilələri imzalanır, göndəririk mağazaya, bir-iki gün işləyir, birisigün yoxdur.
- Deməli siz işçini rəsmiləşdirirsniiz, onnula əmək müqaviləsi bağlayırsınız, müqaviləni portala əlavə edirsiniz. Sonra nə baş verir?
- Tam rəsmiləşdiririk, göndəririk işinə, sabah, birisigün axtarırıq, yoxdur, məlum olur ki, işdən çıxıb. Bu hal az qala hər ay baş verir, bizdə bir neçə dəfə olub. Sonra biz o işçini axtarıb tapmalıyıq ki, heç olmasa gəlib ərizə yazıb işdən çıxsın ki, sənədləşdirmə qaydasında olsun.
- Doğrudan da, ərizə olmasa siz özünüz onu işdən çıxarda bilmirsiniz?
- Yox təbii, ərizə yazmalıdır, hesabını bağlamalıyıq neçə gün işləyib-işləməyib. Bilirsiniz, burada biz həm onun üçün rüsum ödəyirik sosial müdafiəyə icbari sığortaya, bunun üçün Beynəlxalq Bankdan kart sifariş edirik. Bütün bunlar həm vaxt, həm də maddi olaraq itkidir. Yəni bir işçini götürəndə düşünürsən ki, bunun üzərində işləyəcəksən, öyrədəcəksən, bizdə treninqlər olur, bunu hazırlayacaqsan ki, sənin işini görsün, həm özü üçün, həm sənin üçün yaxşı olsun. O isə işini yarımçıq qoyub gedir, bu qədər əziyyət, heçə gedir.
- Bəs siz nə təklif eləyirsiniz? Sizcə bu halın olmaması üçün nə dəyişməlidir?
- Məncə işə götürmə qaydalarında, Sosial Müdafiə Nazirliyi tərəfindən sahibkara bir balaca güzəştə gedilməsi üçün bəzi dəyişikliklər edilməlidir. Məsələn, işçiyə sınaq müddəti verilsin, bu müddəti keçəndən sonra işçi işə qəbul edilsin. İndi qaydaya görə, işçini iş yerinə buraxmaq üçün artıq onunla müqavilə bağlamaq tələb olunur. Biz isə istəyirik ki, müqavilə bağlamaq üçün bir neçə gün sınaq müddəti verilsin.
- Sizcə bu müddət neçə gün olmalıdır?
- Məncə minimum 5 gün olmalıdır ki, adamı tanıyaq, necə müsuliyyətli olub olmadığını bilək. Uyğun olarsa, onunla müqavilə bağlayaq, xüsusilə də restoran üçün bu çox vacibdir.
- Hidayət bəy, sizin ABB, yəni Beynəlxalq Bankla biznesiniz nə vaxtdan başlayıb?
- Biz Beynəlxalq Bankla işləməyə bir neçə ay əvvəldən başlamışıq.
- Əvvəl başqa bankla işləmisiniz. Necə oldu ki, siz ABB-ni seçdiniz?
- Beynəlxalq Bankın təklifləri və şərtləri ilə tanış olduq, onların ödəniş faizləri, köçürmə faizləri və sair şərtlərinə, kredit şərtlərinə baxdıq. Biznesin inkişafı üçün, bizə həqiqətən çox sərfəli təkliflər etdilər və biz də qərara aldıq ki, Beynəlxalq Banka keçərək onunla işləyək.
- Bu əməkdaşlıqdan razısınızmı?
- Bəli, çox razıyıq.
- Məsələn, siz kredit götürmüsünüzmü?
- Bəli, götürmüşəm.
- Nəyə sərf eləmisiniz krediti?
- Elə aptek biznesinə, apteki bu kreditlə açıdıq.
- Kreditin şərtləri sizi qane elədi?
- Bəli, çox sərfəlidir məncə. İndi təbii ki, hər şəxsə görə, işinə görə, bu şərtlər həmişə dəyişilir bütün banklarda, ancaq belə şərtlər olmamışdı.
- Kredit götürəndə girov nə saxladınız?
- Heç nə.
- Girovsuz götürmüşdünüz? Sadəcə hesablarınız oradadır deyə?
- Bəli. Hesablarımız oradadır, bir də bizim son, əvvəlki çıxarışlara baxdılar. Çox yüngül şərtlərlə oldu, çox asan oldu. Yəni nə vaxt itkisi oldu, nə araşdırma çox olmadı.
- Hidayət bəy, bu biznesi idarə etməkdə, xaricdə oxumağınızın sizə faydası oldumu?
- Bəli, bir çox faydası oldu.
- O biliklərdən istifadə elədiniz, yoxsa buranın öz xüsusiyyətləri var?
- İstər-istəməz xüsusiyyətləri var idi, bunu nə eləsən də dəyişə bilməzsən, hər xalqın öz xüsusiyytələri olduğu kimi biznesinin də öz cəhətləri var. Ancaq bir çox təcrübə qazanmışam, mən orada bir çox şey öyrənmişəm, bu, mənim işimi çox asanlaşdırıb burada.
- Uğurlar arzu eləyirik sizə!
- Çox sağ olun.