İran vətəndaşı olan iş adamı Fərzad Foroozanmehrin ailəsi – 3 yaşlı qızı, həyat yoldaşı və qayınanası bir ilə yaxındır Azərbaycandan getmək istəsələr də, buna nail ola bilmirlər.
FED.az xəbər verir ki,“Qafqazinfo”ya açıqlama verən Atefeh Dehqanizadeh iddia edir ki, 2019-cu ilin yanvarın 9-da Türkiyəyə gedərkən hava limanında tanımadığı şəxs onun 3 yaşlı qızının üstünə hücum edərək əlindəki pasportu alaraq cırıb:
“Mən elə bildim kişi uşağımı götürmək istəyir, ona görə tez qızımı qucağıma aldım. Onun cırdığı pasport köhnə idi. Səs-küyə polis gəldi, bizi bir otağa apardı. Orada bildim ki, hücum edən şəxs Orxan İsmayılovdur. Onun həyat yoldaşım Fərzadla ev alqı-satqısına görə problemi yaranıb. Amma bu məsələdən xəbərsiz idim, bunun mənə aidiyyatı yoxdur. Orxan deyirdi ki, siz burdan getsəniz mən Fərzadı necə tapacağam? Burda qalın ki, mən onu bura gətirdim. Sonra da dedi ki, Fərzadın mənə verəcəyi pulu verin, sizi buraxım. Bizi oradan Yasamal Polis İdarəsinə apardılar, müstəntiq Əlibala Hacıyev məndən izahat aldı. Orxan məndən şikayət etdi ki, guya, onun uşağı götürmək istədiyini deməklə ona böhtan atmışam. Buna görə də mənə cinayət işi açdılar, prokurorluqda Zamil Mehrəliyevin yanına apardılar. O da üstümə qışqırıb dedi ki, ərinə denən pulu gətirsin. Sonra mən məhkəmədə bu iş üzrə bəraət aldım.
Eləcə də bax:"İnterpol"un axtardığı "Lexus" Azərbaycanda tapıldı - FOTO
Aeroportdakı polis əməkdaşı Elnur dedi ki, bizim pasportları sənədlərlə birgə Əlibala Hacıyevə verib. Biz Cəmşid Sərdarlı adlı vəkil tutmuşduq, sonradan bildik ki, heç vəkil də deyilmiş, onların adamı imiş.
İş adamının xanımı Atefeh Dehqanizadeh
Biz pasportlarımızın verilməsi üçün Yasamal Rayon Məhkəməsinə müraciət etdik. Hakim Günel Əkbərli Əlibala Hacıyevlə Zamil Mehralıyev məhkəməyə çağırdı. Onlara dedi ki, siz hansı əsasla bu adamların pasportunu özünüzdə saxlamısız? Hakim bildirdi ki, sərhəd xidmətinə sorğu verəcək. Amma iki aydır Sərhəd Xidməti məhkəməyə cavab vermir.
Mən Orxan haqda heç nə bilmirəm, Fərzadla nə problemləri varsa, özləri həll etsin. Mənim, uşağımın, anamın günahı nədir? Bizi niyə burada saxlayıblar? Polislər gecə 12 nəfərlə evimə gəlib üçümüzü də 26-cı polis şöbəsinə aparıb səhərə kimi orada saxladılar, şəhərə çıxanda da mülki geyimdə adamlar məni izləyir. Polislər gecə evə girəndə qızım çox qorxduğu üçün indi hər dəfə qapı döyüləndə qorxub ağlayır. Burada da sərbəst yaşaya bilmirəm, hara gedirəmsə məndən pasport istəyirlər, ölkədən çıxışıma da qanunsuz olaraq “Stop” qoyulub.
Mən bu məsələ üçün İranın Azərbaycandakı səfirliyinə müraciət etmişəm, onlar nazirliyə məktub göndərib. Amma Zamil Mehralıyev məktublara cavab verilmir. Səfirlik Zamil Mehralıyevlə də danışıb, o deyib ki, mən “Stop”u götürmüşəm. Amma Əlibala Hacıyev səfirlikdən edilən zənglərə cavab vermir.
Mən hüquq-mühafizə orqanlarının rəhbərliyindən xahiş edirəm ki, mənim qanuni sənədim olan pasportumu özümə qaytarsın, ölkəmə çıxım gedim. Əgər günahım varsa, məhkəmə hökmü ilə məni tutsunlar”.
Qeyd edək ki, A.Dehqanizadeh ilə birgə 55 yaşlı anası Fatemeh Shokri və 3 yaşlı qızı Ronia Foroozanmehr də Bakıda qalır.
Hüquqşünas Cəmşid Sərdarlı "Qafqazinfo"ya açıqlamasında bildirib ki, Azərbaycanda Fərzad Foroozanmehrlə bağlı Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlanılıb. O, Orxan İsmayılzadənin evini 240 min manata satıb pulu götürüb ölkədən qaçmaqda ittiham edilir. Həmçinin onun İranda da dələduzluq etdiyi bildirilir. Buna görə İran və Azərbaycan onu İnterpol vasitəsilə axtarışa verilib.