“Bu günə qədər məcburi köçkün və qaçqın soydaşlarımız üçün ölkənin 30-dan çox şəhər və rayonunda 115 yeni qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. 65 min məcburi köçkün və qaçqın ailəsi, yaxud 315 minə yaxın şəxs həmin qəsəbələrdə müvəqqəti olaraq yeni mənzillərlə təmin olunub”.
Eləcə də bax:"Torpaqlarına qayıdacaqlarmı, köçkünlər arasında - Sorğu Keçiriləcək"
FED.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Yeni TV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, həmin qəsəbələr və evlər dövlətin xüsusi təyinatlı mənzil fonduna adidir: “Bundan sonra məcburi köçkün və qaçqınlar üçün yeni evlər doğma Qarabağda, işğaldan azad olunan ərazilərdə tikiləcək və insanların oraya təhlükəsiz qayıdışı və yaşamı yüksək səviyyədə təmin olunacaq”.
F.Hüseynov əlavə edib ki, bu günə qədər məcburi köçkün və qaçqınların yaşadığı mənzillərin aqibəti ölkə başçısının verəcəyi qərarla müəyyən olunacaq. (Report)