Bakı və Abşeronda yaşayan və indiyədək işsiz olan 20 gənc, məşğulluq layihəsi çərçivəsində səyyar kofe evləri açacaq.
FED.az xəbər verir ki, bu Məşğulluq Agentliyinin layihəsi çərçivəsində baş tutub. Qurumdan verilən məlumata görə, Dövlət Məşğulluq Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə həyata keçirilən “Səyyar kofe evləri” layihəsinin iştirakçılarına aktivlər təqdim edilib.
Layihə çərçivəsində Bakı şəhəri və Abşeron rayonu üzrə barista sahəsində çalışmaq istəyən, 35 yaşadək 20 nəfər işsiz şəxsə səyyar kofe satışı istiqaməti üzrə kiçik bizneslərini qurmaları üçün lazımi avadanlıqlar verilib.
Özünüməşğulluq proqramına dəstək məqsədi daşıyan layihə çərçivəsində onlar kofe treyleri, qəhvə maşını və qəhvə üyütmə maşını ilə təmin olunublar. Gənclərin fəaliyyəti üçün ərazilər də müəyyən olunub, xüsusi icazələr də alınıb.
Aktivləriin təqdim olunması tədbirində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, layihə iştirakçıları və digər qonaqlar iştirak edib.
Qeyd olunub ki, özünüməşğulluq proqramının fəaliyyət sahələri yeni layihələr əsasında getdikcə daha da genişlənir. “Səyyar kofe evləri” layihəsi də yeni özünüməşğulluq istiqamətini formalaşdırır və bu sahədə çalışmaq istəyən gənclərin həmin istiqamətdə kiçik biznesə çıxışına dəstək məqsədi daşıyır.
Layihə iştirakçılarının seçimi zamanı sosial cəhətdən həssas qruplara aid olan, barista sahəsində müəyyən təcrübəyə malik şəxslərə üstünlük verilib.
Benefisiarlar üçün “Lavazza Azerbaijan” şirkəti ilə əməkdaşlıq çərçivəsində peşə təlimləri, KOBİA tərəfindən isə biznes təlimləri təşkil olunub.
Həmin gənclərin səyyar kofe satışı üzrə fəaliyyəti üçün ərazilərin müəyyənləşməsi və xüsusi icazələrin alınması da təmin edilib.