Azərbaycan ailələri hazırda ev əşyaları almaq üçün uyğun vaxt olmadığını bildirir. FED.az xəbər verir ki, bu nəticələr «Business Insight» Beynəlxalq araşdırma qrupunun 2019-cu ildə Bakıda apardığı sorğularda ortaya çıxıb. Rəyi soruşulanların yarıdan çoxu indi mebel və məişət əşyası üçün uyğun vaxt olmadığını, üstəlk qarşıdakı dövrdə bu məqsədlə daha az pul xərcləyəcəyini bildirir.
Rəyi soruşulanların 60,1%-i hesab edir ki, bu il uzunmüddətli istifadə əşyalarını - mebel, elektrik və məişət avadanlıqlarının alınması üçün uyğun vaxt deyil. 31% bildirib ki, indi belə əşyaların alışı uğurlu ola bilər, 8,9% isə neytral qalıb.
Başqa sözlə, paytaxt və bölgələrdə əhalinin əksəriyyəti hazırki bazar qiymətləri və maliyyə vəziyyətlərini dəyərləndirərək alış etmək üçün uğurlu vaxt olmadığını vurğulayıb. Sorğu müəlliflərinin qənaətinə görə, maliyyə bazarlarındakı son çalxalanmalar səbəbindən əhali hələ ki, psixoloji həddi keçə bilməyib. Bu isə onu göstərir ki, nisbətən bahalı mallar bazarında bu il də alışların həcminin azalacağı gözlənilir.
Eləcə də bax: «İşsizlik və qiymətlər artacaq, amma vəziyyət yaxşılaşacaq» – AZƏRBAYCANDA ARAŞDIRMA NƏTİCƏLƏRİ
Əhalinin yarısı bildirir ki, qarşıdakı bir ildə məişət əşyaları almaq üçün daha az pul ayıracaqlar. Belə ki, rəyi soruşulanların 50,9%-nin fikrincə qarşıdakı 12 ayda belə əşyaların alınması üçün əvvəlki illərdən daha az pul sərf edəcəklər. 31,1% isə bu məqsədlə daha artıq pul xərcləyəcəyini qeyd edib. Sorğuda iştirak edənlərin 18,1%-i isə qarşıdakı 12 ayda belə əşyalara elə indiyədək olduğu qədər pul xərcləyəcəklərini bildiriblər.
FED.az xəbər verir ki, araşdırma ölkənin bütün coğrafi zonalarını əhatə etməklə, Bakı şəhəri də daxil olmaqla yaşı 20-70 arasında olan 1401 respondent arasında fevralın ilk yarısında keçirilib.
Sorğuda iştirak edənlərin təqribən y arısı 30-50 yaş arasında, 52%-i kişi, 48%-i qadın olub. Sorğu iştirakçılarının 19,3%-nin ailə başına aylıq gəliri 300 manat, 43,4%-nin gəlirləri 300-700 manat, 20,3%-i 700-1200 manat, 8,6%-i 1200 manatdan artıq olub.