Ötən gün Dövlət İmtahan Mərkəzinin (DİM) fevralın 7-si və 8-də elan etdiyi dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçən namizədlərlə müsahibələr başlayıb.
Mərkəzdən "Report"a verilən məlumata görə, müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə, Lənkəran, Şəki, Şirvan, Göyçay, Bərdə regional bölmələri, Xaçmaz şəhərində İncəsənət muzeyi də daxil olmaqla 16 müxtəlif yerdə təşkil edilib.
Gün ərzində keçirilməsi nəzərdə tutulan 129 müsahibədən 73-ü baş tutub, 56 namizədlə müsahibə isə onların gəlməməsi səbəbindən baş tutmayıb. Müsahibədə iştirak etmiş namizədlərdən 30-u iddia etdiyi vəzifəyə uyğun hesab edilib.
DİM müsahibələrə gəlməyənlərə xəbərdarlıq edib: "Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Xüsusilə nəzərə almaq lazımdır ki, müsahibələr regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar.
Dövlət İmtahan Mərkəzi namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.
Müsahibələrdə iştirak etmək istəməyən namizədlər müsahibə tarixinə 1 gün qalmış, səhər saat 10:00-dək müraciətlərini buradan ləğv etməlidirlər".
Namizədlərlə müsahibələrin keçirilməsi mayın 15-dək davam edəcək.