Xəbər verildiyi kimi, bu gün prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib. FED.az xəbər verir ki, mərasimdə çıxış edən dövlət başçısı fəaliyyəti dövründə həyata keçirilən işlərlə yanaşı, qarşıda görüləcək işlərlə bağlı də fikirlərini bölüşüb. Dövlət başçısının çıxışında maraqla gözlənilən məqamlar aparflacaq islahatlarla bağlıdır. Prezident detallaşdırmasa da, islahatların genişlənəcəyini və dərinləşəcəyini, eləcə də institutsional (struktur) dəyişikliklərin olacağını bildirib.
FED.az İlham Əliyevin çıxışındakı əsas islahat məqamlarını təqdim edir.
«…Nəzərə alsaq ki, növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaqdır…»
«…Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparılır, bundan sonra da aparılacaqdır. Bu istiqamətdə inzibati tədbirlər, cəza tədbirləri görüləcək və ən böyük səmərə verən sistem xarakterli tədbirlər, institusional islahatlar həyata keçiriləcəkdir. “ASAN xidmət” onların arasında xüsusi yer tutur. Azərbaycan vətəndaşları görürlər ki, biz tədricən bu qurumun funksiyalarını genişləndiririk…»
«…Gələcək illərdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılacaq, iqtisadi islahatlar dərinləşəcək. İqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir, bütün xoşagəlməz hallara son qoyulmalıdır. Bütün iqtisadi qurumlar dünyanın inkişaf etmiş ölkələrində olan müsbət təcrübəni tətbiq etməlidirlər. Belə göstərişlər verilibdir. Əminəm ki, Azərbaycan vətəndaşları, sahibkarlar yaxın gələcəkdə bizim islahatlarımızın müsbət təsirini görəcəklər…»
«…Növbəti illər ərzində, qeyd etdiyim kimi, iqtisadi sahədə islahatlar təmin ediləcək, dərinləşəcək ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf etsin və biz neft-qaz amilindən asılılığı azaldaq...»
«…Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var…».