Prezident İlham Əliyev və Mehriban Əliyeva Bakıda uzun müddət fasilədən sonra yenidən qurulmuş «Şərq Bazarı» ticarət mərkəzinin açılışında itirak edib.
“Şərq Bazarı”nda - 300 NƏFƏR İŞLƏYƏCƏK
FED.az xəbər verir ki, «Paşa Holdinq»ə məxsus olan ticarət mərkəzi 2 ilə yaxın müddətdə yenidən qurulub. Bazarda 78 icarədar fəaliyyət göstərəcək, 300 nəfər çalışacaq.
Bazara gələcək alıcıların rahatlığını təmin etmək üçün zərgərlik, əl işləri yarmarkaları, “Sandıqca” incəsənət nümunələrinin satışı bölməsi, “Tamaşa”, qəlyanaltılar, kafe və restoranlar, “Sehrli bazar”, emalatxanalar və sair bölmələrin hər biri ayrıca gümbəz və hissələrdə cəmləşdirilib.
«Şərq Bazarı» 1982-ci ildə inşa edilib və ilkin olaraq kompleks bazar kimi fəaliyyət göstərib.
Nadir memarlıq üslubuna görə, “Şərq Bazarı” 2001-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilsə də, 2017-ci ildə aparılmış əsaslı müayinə işləri nəticəsində aşkar edilmişdi ki, fərqli təyinatlı ticarət obyektlərinin fəaliyyəti, kor-təbii formada həyata keçirilən davamlı istismar və baxımsızlıq binada ciddi zədələnmələrə, çatlara, aşınmalara, korroziyaya və deformasiyalara səbəb olub. Məhz bunları nəzərə alaraq kompleksin istismar göstəricilərini yaxşılaşdırmaq, davamlılığını artırmaq, normal işləmə qabiliyyətini təmin etmək məqsədilə mühəndis tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Əsaslı müayinədən sonra dərhal detallı layihələndirmə prosesinə başlanılıb və 2020-ci ildə bərpa işlərinə start verilib.