Ölkə başçısının Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında dünənki sərəncamı ölkədə yeni iraəetmə modelinə keçid məsələsini yenidən gündəmə gətirib.
Eləcə də bax: Prezident Ağdam rayonu üzrə xüsusi nümayəndəsi vəzifəsi - LƏĞV EDİLİB
Sözügedən sərəncamla Emin Hüseynov bundan sonra Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi kimi fəaliyyət göstərəcək.
Bəzi ekspertlər bu təyinatı İcra hakimiyyətlərinin ləğvinin başlanğıcı hesab edirlər.
Son vaxtlar yerli İcra hakimiyyətlərinə etimad və inamın son dərəcə azalmasını həmin qurumlara rəhbərlik edən məmurların həbsində də görmək olar. Prezidentin sərəncamları ilə yerlərdə İcra Hakimiyyətinin başçısı təyin edilən məmurlar bu dövlət orqanlarını korrupsiya və rüşvət bataqlığına çeviriblər. Nəticədə xeyli icra başçısı həbs edilərək, dəmir barmaqlıqlar arasına göndərilib.
Yerli İcra hakimiyyətlərinin bugünkü işi onu göstərir ki, idarəetmə sisteminin bu həlqəsində geniş islahatlara ehtiyac var.
FED.az biznes və maliyyə xəbərləri portalı Modern.az-a istinadən xəbər verir ki, vaxtilə Balakən rayon İcra Hakimiyyətinin başçısı işləmiş Osman Gündüz bildirib ki, son vaxtlar rayon icra hakimiyyətlətinin tabeliyindəki qurumların ard-arda ləğv edilməsi yuxarıda qeyd olunan iddianı əsaslandırır:
“Ötən bir neçə il ərzində kommunal, rabitə, mədəniyyət, ekologiya, təhsil, sosial və s. sahələr üzrə rayonlardakı mövcud dövlət qurumlarının hamısı ləğv edilib.
Hazırda bu dövlət qurumlarının rayonlarda yalnız kiçik bir şöbələri qalıb, əvəzində isə yeni regional idarələr formalaşdırılıb.
Belə baxanda, hazırda rayonlarda tam tərkibdə və ənənəvi idarəetmədə yalnız hüquq-mühafizə qurumları və İcra hakimiyyətləri qalıb”.
Sabiq icra başçısının sözlərinə görə, ötən gün Prezident son zamanlar uğurları ilə diqqət mərkəzində olan Emin Hüseynovu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi təyin etməklə yeni idarəetmə modelinə etimadını bird aha ortaya qoyub:
“Prezidentin bu sərəncamı artıq adi bir rayon üzrə deyil, bütöv bir region üzrə, bir neçə bölgəni birləşdirən iqtisadi rayon üzrə xüsusi nümayəndə təyin etməsi onu göstərir ki, yerli İcra hakimiyyətləri də regionala çevrilə bilər.
Yəni, yaxın yazanlarda, ölkədə yeni iraəetmə modelinə keçidi, bütün İcra hakimiyyətlərinin ləğvi və icra başçılarının azad olunmasını, əvəzində isə Prezidentinin 7 iyul 2021-ci il tarixli sərəncamı ilə yaradılmış 14 iqtisadi rayon üzrə 14 regional icra başçısının təyin ediləcəyini proqnozlaşdırmaq olar”.
Xatırladaq ki, Prezident İlham Əliyevin 7 iyul 2021-ci il tarixli sərəncamı ilə aşağıdakı 14 iqtisadi rayon yaradılıb:
1. Bakı iqtisadi rayonu (Bakı şəhəri);
- 2. Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları);
- 3. Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları);
- 4. Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları);
- 5. Gəncə–Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları);
- 6. Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları);
- 7. Qazax–Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları);
- 8. Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları);
- 9. Lənkəran–Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları);
- 10. Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları);
- 11. Mil–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları);
- 12. Şəki–Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları);
- 13. Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları);
- 14. Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları).