Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ikinci layihəsi olan Hövsan yaşayış kompleksində inşa ediləcək ilk yeddimərtəbəli binanın təməlqoyma mərasimi keçirilib.
FED.az xəbər verir ki, prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ikinci layihəsi olan Hövsan Yaşayış Kompleksində inşa ediləcək ilk yeddimərtəbəli binanın təməlqoyma mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev əvvəlcə Agentliyin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisinin hazırkı vəziyyəti barədə məlumat verdi. Bildirilib ki, burada 29 binada 1843 mənzil olacaq, Kompleksdə ilk 12 yaşayış binasının və 960 şagirdlik orta məktəbin tikintisi başa çatıb. İlk mənzillər gələn ilin yayında sakinlərə veriləcək. Ümumilikdə isə kompleks 2019-cu ildə tam təhvil veriləcək.
Yasamal Yaşayış Kompleksinin tikintisində 20-dən artıq şirkət iştirak edir və ümumi tikinti prosesinə 3 min nəfərə yaxın işçi cəlb olunub.
Tikinti işləri və mənzillər, eləcə də mənzillərin satış şərtləri və mənzil almaq hüququ olanlar barədə məlumatları Mənzil İnşaatı Dövlət Agentliyinin www.yasamal.mida.az internet səhifəsindən almaq olar. Yeri gəlmişkən, bu ilin mayın 30-da “Elektron hökumət” portalında yaradılmış “Güzəştli mənzil” sistemində güzəştlə mənzil əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin qeydiyyatına başlanılıb və bu günədək 7500-dən çox müraciət qəbul edilib.
Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsinin yaxınlığında inşa olunacaq Hövsan Yaşayış Kompleksi isə Xəzər sahilindən cəmi 2 kilometr məsafədə, yaşayış və istirahət üçün olduqca rahat bir məkanda yerləşəcək. Kompleksin 20 hektarlıq ərazisinin qərb hissəsində şam və zeytun ağaclarından ibarət geniş yaşıllıq zonası mövcuddur. Şəhərcik 11 çoxmənzilli yaşayış binasından ibarət olacaq. Bunlardan yeddisi yeddimərtəbəli və on səkkiz girişli, dördü isə onmərtəbəli bir girişli olacaq. Bu binalarda, ümumilikdə, 3002 mənzil olacaq.
Mənzillərin 280-nin birotaqlı, 1481-nin ikiotaqlı, 940-nın üçotaqlı, 301-nin isə dördotaqlı olması planlaşdırılır. Birotaqlı mənzillərin sahəsi təqribən 32-35 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi təqribən 51-54 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 64-68 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 79-86 kvadratmetr təşkil edəcək. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə vətəndaşlara təklif olunacaq.
Kompleksdə çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan hər cür şəraitin yaradılması, geniş həyətlərin, yaşıllıq zonalarının, uşaq meydançalarının, sosial infrastruktur obyektlərinin tikintisi aparılacaq. Ərazidə hər biri 260 yerlik olmaqla iki uşaq bağçasının, 1920 şagird yerlik ümumtəhsil məktəbinin, ticarət mərkəzinin və xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, ərazidə müvafiq nəqliyyat infrastrukturunun yaradılması və şəhərin ictimai nəqliyyat sisteminə inteqrasiyası planlaşdırılır.
Yasamal və Hövsanda tikilən yaşayış kompleksləri, mənzillərin satış şərtləri və buradakı şərait barədə məlumatlarla bu videodan tanış olmaq mümkündür.