50 il əvvəl insanlar gördüyü işdə o qədər də məna axtarmırdı. Bu gün isə insanlar maddi ehtiyaclarının çoxunu ödəyə bildiyi üçün işdə daha çoxunu axtarmağa başlayıblar. Bu da evliliklərə bənzəyir. Necə ki insanlar əvvəllər daha çox ailələrinin seçimləriylə və bir çox hallarda çox da məna verməyərək texniki və maddi səbəblərdən dolayı evlənirdilər. Lakin indi insanlar daha çox əgər içində sevgi və məna varsa, evliliyə imza atmaq istəyirlər.
Peşələr inkişaf edib karyeralar dəyişsə belə, işə qəbul prosesi hələ də 50 il qabaqdakı kimidir. Hələ də işəgötürənlər köhnə iş yerlərinə və vəzifələrə əsasən namizəd haqqında qərar verirlər. İşəgötürənlər iddia edirlər ki, onlar öyrənməyə həvəsli və çalışqan birini axtarır. Kimi dindirsən, 10-dan 9-u belə cavab verəcək. Amma praktikaya gələndə görürsən ki, heç də elə deyil. Çərçivəli bir şəkildə, keçmiş iş təcrübəsinə və təcrübəsizliyinə baxıb, aralarından daha uyğun təcrübəlisini seçir.
Gələcəyi münəccim olub təxmin etmək mümkün deyil. Elə indi yazdıqlarım da bu gün çıxartdığım nəticələrdir ki, heç bir statistik əsası yoxdur və sabah çox rahat dəyişə bilər. Məsələn, biz uşaq ikən xəyal etdiyimiz peşələr indi gördüyümüz işlərdən bəlkə də çox uzaqdır. Hətta indi gördüyümüz iş o zaman heç icad edilməmişdi, və ya adı yox idi. Belə dəyişkən bir zamanda insanlardan bir peşədə 30 il qalmasını istəmək də absurddur. Bəs yaxşı, bizim həyatımız boyu neçə növ işimiz ola bilər? Cavab: ürəyiniz istəyən qədər (ürəyinizin genişliyinə baxır).
Burda da bizə nə qədər yeniliklərə, fürsətlərə açıq olmağımız, çərçivələri aşmağımız kömək edir ki, iş növlərimizin sayı artsın. Əvvəllər 1 uşaq sahibi olmağa pis baxırdılarsa, indi də 1 iş sahibi olmağa elə baxırlar İndi Geniusserialından Pablo Picasso ilə bağlı filmi izləyirəm və Wikipediadan həyatını açıb oxuyanda, onun rəssamdan başqa həm də heykəltaraş, səhnə dizayneri, keramikaçı, şair və dramaturq olduğunu görürəm. Eləcə də başqa tanınmış insanlar haqda açıb oxusanız, eyni şeyi görəcəksiniz. Həyatımız boyu ən az 3 və daha çox peşəyə sahib ola bilərik. Stabillik sevənlər üçün çətin olsa da, bu, sizi qorxutmasın. Əksinə, bu o deməkdir ki, işləyərkən zövq almaqdan özünüzü unudacağınız bir işi tapmaq üçün hər zaman şansınız var.