Qusarın Düztahir kəndi rekord sayda traktor istifadəçisinin olması ilə seçilir.
FED.az xəbər verir ki, 350 evin olduğu ucqar yaşayış məntəqəsində hər iki həyətdən birində traktor var. Kənddə nə az, nə çox, düz, 180 traktor istifadə olunur.
Sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq və tərəvəzçilik olan kənddə 600 hektardan çox taxıl, 200 hektara yaxın kartof və bir o qədər də kələm əkilib. Hazırda sahələrdə becərmə işləri aparılır. Traktorlar heyvandarlıqla məşğul olan təsərrüfatçıların da işinə yarayır.
Maraqlı məqamlardan biri də odur ki, kənddəki traktorların 80 faizindən çoxu “T-16” markalıdır. El arasında “pat-patı” adlandırılan bu kiçik traktorlar yanacağı qənaətlə işlətdiyinə görə kəndlilərin daha çox işinə yarayır. Bununla yanaşı, digər traktorlardan daha kiçikhəcmli olması dağlıq relyefə malik kənddə texnikanın istifadəsini asanlaşdırır.
Kənd sakini Elşən Gülmətov bildirir ki, bu traktorlar Düztahir kəndində keçmiş sovet dövründən dəbdədir. İlk vaxtlar kənddə 20-yə yaxın traktor olub. İndi isə onların sayı 200-ə çatır. “Mən gözümü açandan atamın traktoru var. Kənd əhalisinin 70-80 faizi əkinçilik və maldarlıqla məşğuldur. Bu texnikalar hər sahədə işimizə yarayır. Əkin sahələrindən yığılan məhsulun, otun, odunun, gübrənin daşınmasında əvəzsiz vasitədir. 10-15 litr dizel yanacağı töküb, iki üç gün işləmək mümkündür”, - deyə kənd sakini vurğulayıb.
Düztahir kəndində xüsusi təmiri sexi yoxdur. Amma traktor sahiblərinin arasında peşəkar ustalar da var.
Qeyd edək ki, rayon mərkəzindən 45 kilometr məsafədə yerləşən Düztahir kəndində 1750 nəfər yaşayır.