Azərbaycanda tibb işçiləri üçün, xüsusilə də özəl klinikalarda çalışan və xaricdə təhsil almış həkimlər üçün dövlət icbari sığorta haqqının aşağı salınması ilə bağlı müzakirələr başlayıb.
Bu barədə FED.az-a Dövlət Vergi Xidmətindən (DVX) məlumat verilib. Bu məsələ ilə bağlı DVX, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və 20-yə yaxın aparıcı klinikanın nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilən görüşdə də müzakirə edilib.
Məlumata görə, görüşdə səhiyyə turizminin inkişaf etdirilməsi məqsədilə xarici ölkə vətəndaşlarına göstərilən tibbi xidmətlərin ƏDV-yə sıfır faiz dərəcəsi ilə cəlb olunması, klinika və həkimlər arasında əmək münasibətlərinin rəsmiləşdirilməsinin mövcud vəziyyəti və perspektivi, əmək haqlarının “ağarması” fonunda artacaq sosial sığorta yükünün optimallaşdırılması və tibbi xidmətlərin göstərilməsinə cəlb olunmuş əcnəbi həkimlərin sosial sığorta haqlarından azad edilməsi ilə bağlı təkliflər ətrafında geniş müzakirələr aparılıb.
Bundan başqa, hazırda ölkədə yüksək ixtisaslı həkim çatışmazlığı fonunda həkimlərin gəlirlərinin rəsmiləşdirilməsi məsələləri, gəlirlərin klinikalar və həkimlər arasında bölüşdürülməsi, bununla bağlı mövcud çətinliklər də hazırda müzakirə edilir.