"Hazırda təxminən 24 min məcburi köçkün ailəsi ağır şəraitdə yaşayır".
FED.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib.
Eləcə də bax: İlham Əliyev yaşayış kompleksinin açılışında - FOTOLAR
Onun sözlərinə görə, həmin məcburi köçkünlər yataqxanalarda, bağçalarda, sanatoriyalarda və s. yaşayırlar:
"Mən onlarla mütəmadi olaraq görüşürəm. Bəziləri ilə də görüşəcəm. Bu gün 700 minə qədər məcburi köçkün var və biz çalışırıq ki, onların problemlərini həll edək".
O xatırladıb ki, bu ilin sonuna qədər 3700-dən çox mənzil tikilərək məcburi köçkünlərin istifadəsinə veriləcək:
"Məcburi köçkünlər üçün tikilən bəzi qəsəbələr hazırdır, bəzilərində isə tamamlanmaq üzrədir. Şirvan şəhərində 685 ailəlik qəsəbə, Beyləqan rayonunda 146 ailəlik fərdi evlər tikilib, artıq köçkünlərə təhvil verilir. Orada yaşayış var. Göyçay rayonunda bir bina təhvil verilməyə hazırdır. Göygöl və Ucar rayonlarında qəsəbələr tikilir. Kürdəmirdə 560 ailəlik yaxın günlərdə qəsəbə təhvil veriləcək".
Dövlət Komitəsinin sədri 2020-ci ildə görüləcək işlərdən danışıb: "Gələn il üçün təkliflərimiz hazırlanıb. Harada nə tikiləcəksə bu barədə müvafiq işlər görüləcək. Hələ ki, bununla bağlı ali rəhbərliyə məruzə olunacaq. Büdcəyə uyğun olaraq tikinti işlərinə başlanılacaq".
"Report"