Xəbər verildiyi kimi, Nazirlər Kabineti 30 yanvar 2026-cı il tarixli 31 saylı Qərarı ilə “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nı yeni redaksiyada təsdiq edib. Bununla bağlı əvvəlki məqalələrdə ekspertlər əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin yeni qayda ilə hesablanması və ödənilməsi şərtlərini izah ediblər.
İşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu?
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, əmək qanunvericiliyi üzrə ekspert Kəmalə Yusifova bu dəfə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilmədiyi halları açıqlayıb.
Qaydaya əsasən, sığortaolunanlara əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”ndən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə ötürülən Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında təlimat”a uyğun olaraq elektron sənəd formasında tərtib edilmiş xəstəlik vərəqinə dair məlumatlar əsasında əmək qabiliyyətinin müvəqqəti itirildiyi təqvim günləri üçün verilir.
Qaydanın 2.2-ci bəndinə görə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aşağıdakı hallarda verilmir:
- Əmək qabiliyyətinin müvəqqəti itirilməsi ödənişsiz, qismən ödənişli sosial, təhsil və yaradıcılıq məzuniyyəti dövründə baş verdikdə;
- Sığortaolunan qəsdən öz sağlamlığına zərər vurduqda;
- Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün) 6 ay sosial sığorta stajından az olduqda;
- Sığortaolunan törətdiyi cinayət nəticəsində xəsarət aldıqda;
- “Sosial sığorta haqqında” Qanunun 14.5-ci maddəsində göstərilən muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi aydan etibarən əvvəlki son 4 rübün 6 ayına münasibətdə məcburi dövlət sosial sığorta haqqını qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödəmədikdə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə borcu olduqda və fəaliyyəti müvəqqəti dayandırıldıqda.
Qeyd edək ki, Qaydada əsas dəyişikliklərdən biri muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlara əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilməsi, eləcə də hansı hallarda verilməməsi ilə bağlıdır.
Misal 1: Tutaq ki, işçi 1 iyun 2026-cı il tarixdən 15 iyun 2026-cı il tarixədək ödənişsiz məzuniyyətdədir. 10-19 iyun tarix aralığında o, əmək qabiliyyətini müvəqqəti itirir. Bu halda işçiyə 10 iyundan 15 iyunadək ödəniş edilməyəcək, 16-19 iyun (3 təqvim günü) üçün müavinət hesablanacaq.
Yeni dəyişiklikdən biri də əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin staja görə 60, 80 faiz miqdarında deyil, stajdan asılı olmayaraq, sığortaolunanlara 100 faiz miqdarında ödənilməsinin təsdiqlənməsidir.
Misal 2: İşçi qəsdən öz sağlamlığına zərər verib. Sağlamlığı üçün müraciət etdiyi xəstəxana bu barədə polis əməkdaşlarına bildirib. Araşdırma nəticəsində məlum olub ki, işçi bilərəkdən öz sağlamlığına zərər verib. Bu halda həmin işçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilməyəcək.
Misal 3: İşçi əmək qabiliyyətini müvəqqəti olaraq itirib, sığortaedən isə onun son 2 rüb üzrə məcburi dövlət sosial sığorta haqqını ödəməyib. Bu halda da işçiyə müavinət ödənilməyəcək. (vergiler.az)











