Azərbaycan ərazisində sentyabrın 12-nə olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən FED.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-23, gündüz 26-30, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeronun şimal çimərliklərində sentyabrın 12-də (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyi gün ərzində arabir güclənəcək.
Azərbaycanın rayonlarında sentyabrın 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 12-də Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyi fonunda komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
ETSN xəbərdarlıq edir ki, sentyabrın 12-dən 13-ü səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Sentyabrın 12-də bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Yağışın intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.