Bu ilin sonuna Azərbaycanda orta aylıq əmək haqqının məbləği 743 manata çatacaq.
Eləcə də bax: Azərbaycanda ən yüksək və ən aşağı maaş olan – RAYONLAR/ŞƏHƏRLƏR - SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il üzrə büdcə layihəsinə verdiyi rəydə bildirilir.
Sənəddə deyilir ki, 2022-ci ildə orta aylıq əmək haqqı təqribən 65 manat və ya 8,7% artaraq 807,6 manata yüksələcək.
Eləcə də bax: Nazirlik: "1 milyonadək işçinin maaşı və 130 minədək tələbənin təqaüdü artırılacaq"
Rəydə göstərilir ki, ölkədə orta aylıq əmək haqqı son 5 ildə 214 manat, son 3 ildə isə 107 manat artıb. Belə ki, 2017-ci ildə bu göstərici 528 manat, 2018-ci ildə 544 manat (illik 3% artım), 2019-cu ildə 635 manat (illik 17% artım), 2020-ci ildə 708 manat (illik 11% artım) təşkil edib. Bu il ərzində isə orta maaşın daha 35 manat və ya 5% artaraq 743 manata çatacağı gözlənilir.
Bununla yanaşı, qeyd edək ki, orta aylıq əmək haqqı ölkədəki ümumi əmək haqlarının orta məbləği olaraq bütün regionlardakı orta göstəricini əks etdirir.
Azərbaycanın əksər regionlarında orta aylıq əmək haqqı 500 manatdan artıq deyil. Ölkənin 73 şəhər və rayonunun 48-də əmək haqları bu məbləğdən aşağıdır. 20 şəhər və rayonda isə orta əmək haqqı 500-600 manat ətrafında dəyişir. Bakıdan başqa heç bir şəhər və rayonda orta aylıq əmək haqqı 700 manatdan yüksək deyil.