Bu həftə Yel çərşənbəsini də yola saldıq. Artıq sonuncu çərşənbə və Novruz bayramına sayılı günlər qalıb. Dolayısı ilə bayram bazarlığının vaxtı da yetişib. Bazarlıq üçün isə alıcıların qarşısında bir neçə seçim var: bazar, market. Şənbə-bazar yarmarkalarına indi də metrostansiyaların yaxınlığındakı yarmarkalar əlavə edilib. Aidiyyəti qurumlar əksər metro çıxışlarında quraşdırılan çadırlarda əhalinin büdcəsinə uyğun qiymətlərin olacağı ilə bağlı öncədən məlumat yaymışdı.
Verilən vədlərin doğruluğunu öyrənmək üçün metrostansiyaların çıxışındakı yarmarkalarla bazarlardakı qiymətləri müqayisəsini təqdim edirik. İnanırıq ki, bu yazı hələ ki, bayram bazarlığı etməyənlər üçün də müəyyən istiqamət formalaşdıracaq.
Bu qiymətə də səməni olar?
“28 May” metrostansiyasının çıxışında 3 yerdə bayram çadırı qurulub. Amma yarmarkada Novruz ab-havası demək olar ki, hiss olunmurdu. Çünki çadırların içərisində bayram çərəzi və novruz atributlarından daha çox qab-qacaq və bəzək əşyaları vardı. Çadırlardan birincisi daxil oluruq. Kiçik qablardakı səmənilərin qiyməti 3 manatdan başlayır, buta formasındakı qablarda və bəzəkli səmənilərin qiyməti isə 25-30 manatdır. Qız qalası və digər milli təsvirlərin əks olunduğu akssesuarların qiymətləri 5-25 manat arasında dəyişir. Bayram günü yumurta və süfrə bəzəmək üçün istifadə edə biləcəyiniz bəzək əşyalarının qiyməti 4-5 manatdan başlayır. Yarmarkadakı alıcılar qiymətlərlə bir-bir maraqlanır, amma nəsə almır, elə bizim kimi sadəcə qiymət soruşmaqla kifayətlənirdilər.
“Bu qiymətə də səməni olar?”, “5 manat bəzək əşyası olar?” cümlələrini təkrar edə-edə yarmarka çadırını tərk edənlər də az deyildi. Satıcılar isə ümumiyyətlə, danışmaq istəmirdilər.
İkinci çadıra daxil olanda giriş hissədəki qoz-fındıq az da olsa, bayram yarmarkası əhval-ruhiyyəsi yaradırdı. Lakin bir az başımızı yana çevirəndə çadırın müxtəlif uşaq oyuncaqları, bəzək əşyaları, qab-qacaqla dolu olduğunu görürük. Səbəb ətrafından baş sındırmadan buradan çıxırıq...
Əvvəl kilo, indi isə qramla...
Yarmarkada qiymətlər belə idi - qoz ləpəsi 15-20 manat, fındıq ləpəsi 14 manat, qabıqlı qoz-fındıq 5 manat, badam 20 manat, kişmiş 5-7 manat, qara kişmiş 9, meyvə quruları 7, noğul 4 manat, hind qozu 28 manat, xurma 4 manat. Bəzəksiz səməni 1-2, bəzəklilər isə 8 manatdan başlayır, xurma quruları 5 manat, araxis 4 manat, iydə, innab 6 manat idi.
Satıcılar keçən illə müqayisədə qiymətin qalxmadığını (?) deyir. Onlar deyir ki, əksinə yarmarka olduğundan qiymətləri bazar qiymətindən daha aşağı etmişik ki, hər kəs istədiyi bazarlığı rahatlıqla edə bilsin.
Söhbət etdiyimiz alıclılar isə əksinə bahalıqdan şikayətlənirdi:
“Əvvəlki illər kilo ilə alırdıq, indi qramla. Daha nə deyək? Bayramda orta səviyyəli bir süfrə açmaq üçün 250-300 manat lazım olacaq”.
Şam, səmənidən başqa heç nə
Yarmarkada meyvə-tərəvəzin qiyməti belə idi - portağal 2.50, armud 4.50, alma 2 manat, kivi 3 manat, iri naringi 4.20, balacalar 2.50 manat, limonun kilosu 3.50 manat, pomidor 4.80, xiyar 3.80 manatdır. Amma bayramdan bir-iki gün öncəyə qədər qiymətlərin dəyişməyəcəyinə zəmanət verə bilmərik. Alıcının sayı artdıqca qiymətlərin artması da mümkündür. Çünki bizim bu satıcılardan nə desən, çıxar...
Konfet, şokoladlar isə 4-6 manat arasında dəyişir. Bayram şamları formasına və ölçüsünə görə 0.2-0.8 manata təklif edilir. Metrostansiya yaxınlığındakı üçüncü çadırda isə şam və səmənidən başqa bayramı xatırladacaq heç nə satılmırdı.
“Nəriman Nərimanov” metrostansiyası yaxınlığındakı yarmarkada isə həm alıcı, həm də bayram məhsulları baxımdan nisbətən bolluq idi. Burada qabıqlı qoz 14 manat, fındıq qabıqlı 7, qoz ləpəsi 20-22 manat, fındıq ləpəsi 14, şabalıd 14, kişmiş 8, araxis 6, badam ləpəsi 25-35 manat, innab 7- 12, balaca xurma qurusu 12 manat, qara gavalı qurusu 7, qaysı 10 manat, badımcan 1.80-3 manat, kələm 0.2 manat, soğan 0.7 manat, kartof 1 manat idi.
Özümüz yeyirik...
Yarmarkaların təşkil məqsədi paytaxtda pərakəndə satışın qarşısını almaq və nisbətən ucuz qiymətə məhsulların satılmasıdır. Müşahidələrimizə əsasən, bu istəyin birinci hissəsinin baş tutduğunu deyə bilərik. Qiymət məsələsində müqayisə aparmaq üçün üz tutduq “Keşlə” bazarına.
Bazarda o qədər boşluqdur ki, bir az gözü iti olan adam bazarın başından durub ayağındakı “polkalarda” satılan məhsulları seçə bilər. Ortalıqda bir-iki nəfərin alıcı olduğunu zənn edib yaxınlaşdıq, məlum oldu ki, onlar bazar satıcılardır. Günorta saatları olsa da, satıcıların bəziləri “siftə” etmədiyini deyir.
Bazardakı səmənilər yarmarkadakılardan nisbətən daha təravətlidir, qiymət isə 1-2 manat arasında, bəzənmiş səmənilər 6 manata təklif edilir. Burada limonlar daha çox ədədlə satılır, limonun ölçüsündən asılı olaraq 4-5 limon bir manata təklif edilir.
Satıcılar çərəzlərin qiymətində ötən illə müqayisədə ciddi fərq olmadığını bildirir. Ancaq yaxşı malın qiymətinin də yüksək olduğunu inkar etmirlər. Biz “polka”ya yaxınlaşanda qoz ləpəsi yeməklə məşğul olan satıcı əlindəki ləpəyə işarə ilə “görürsünüz alıcı yoxdur, özümüz yeyirik” deyir.
Bazardakı qiymətlərlə maraqlananda ləpəni niyə satıcıların özünün yemək məcburiyyətində qalması da aydınlaşır.
Balıqlar qızıl qiymətinə
Bazarda qoz ləpəsinin qiyməti 12-25 manat arası dəyişir. Badam 18 manatdan başlayır, fındıq ləpəsi 16 manat, kişmiş 6-30 manat arası, qabıqlı qoz-fındıq 10-15 manat (üstəlik bunlar yerli maldır), qaysı 10-12, meyvə quruları 6-7, noğul 3-4, hind qozu 27-28 manatdır.
Bazarda ən ucuz alma 2-3 manata təklif edilir, armud 4-5, banan 3-3.50, ananas 6-7, çiyələk 6, üzüm 4-5, portağal 2, heyva 4, kivi 3 manat, naringi 3 manat, nar 5 manat. Xiyar 2-3, pomidor 4-5 manat, göyərti 4 dəstə bir manat, təmizlənmiş kənd toyuğu 5 manat, hind toyuğu 7 manatdır, pendir 3.50-4 manat, yumurta 0.25 manat, qatıq balonu 3 manat.
Balıq satanlar isə son vaxtlar bayrama görə kütüm balığının qiymətinin artdığını deyir. Xanı balığının kilosu 6-10 mantdır. Əsasən balıq çəki ilə satılır. Diri almaq istəsəniz azı 100 manatdan keçməlisiniz. Kütüm 15, belamur, sazan 8, kifal 12, xəşəm 10-12, farel 15 manatdır. Satıcılar bayrama görə qiymətlərin artacağını istisna etmirlər.
Biz bazar və yarmarkalardan qiymətləri təqdim etdik. Amma marketlərdəki qiymətləri yazmağa lüzum görmədik, çünki siz onu bizdən daha yaxşı bilirsiniz. Onu da bilirsiniz ki, yuxarıda adlarını çəkdiyimiz bu məhsulları supermarketlərdə bazar və yarmarkalardan daha baha satır.
Bazarlığa getmədən qiymətləri nəzərə alsanız və ən ucuz Novruz bazarlığını haradan edəcəyinizlə bağlı qərar verib yola çıxsanız yaxşıdır...
Publika.az