Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən may ayında əmək yarmarkalarının keçirilməsinə başlanılacaq.
FED.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.
Bildirilib ki, yarmarkaların cari il ərzində ölkənin 56 şəhər və rayonunda təşkili nəzərdə tutulur. Bu aktiv məşğulluq tədbirlərində idarə, müəssisə və təşkilatlarda olan vakant (boş) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq.
Eləcə də bax: Ölkədən çıxışına qadağa qoyulanlarla bağlı - MÜHÜM YENİLİK
Onlara peşə və ixtisaslarına, əmək bacarıqlarına uyğun vakant iş yerlərinə göndərişlər veriləcək. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər isə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunacaq. Həmçinin iştirakçıların istəkləri əsasında onların ödənişli ictimai işlərə, müvafiq potensialları olan şəxslərin özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyatı aparılacaq.
İlk yarmarkaların Naftalan şəhərində, Qəbələ və İsmayıllı rayonlarında keçirilməsi planlaşdırılır.