“Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklər Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Eləcə də bax: Əmək pensiyalarının orta aylıq məbləği - 422 MANATA ÇATACAQ
FED.az xəbər verir ki, dəyişikliklər pozitiv xarakterlidir və vətəndaşlarımızın pensiya təminatını yaxşılaşdıran, pensiya təminatı sahəsində unifikasiya aparmağa imkan verən, pensiyaların indeksasiya metoduna üstünlük verən və inteksasiyanın da avtomatlaşdırılmış qaydada artırılmasına hüquqi baza yaradan layihədir.
Qanunun 6 maddəsinə 42 dəyişiklik təklif olunur.
Bu dəyişikliklər iki istiqamətdə şərh edilə bilər. Birinci istiqamət əmək pensiyalarının indeksasiya edilməsi metoduna keçilməsi ilə bağlıdır. Ümumiyyətlə indeksasiya metodunun tətbiq olunması əmək pensiyalarını illik infilyasiya təsirindən qorumuş olur. Azərbaycanda hazıra 1 159 000 pensiyaçının 93 faizi ümumi sığorta prinsipləri əsasında pensiya alırlar və onların da pensiyaları hər ilin əvvəlində əvvəlki ildəki orta aylıq əməkhaqqının artım faizinə uyğun indeksasiya olaraq artırılır və beləliklə infilyasiyanın mənfi təsirindən qorunmuş olur. Lakin 85 min pensiyaçının pensiyası hər il indeksasiya olunmur, yalnız onların əvvəl işlədikləri vəzifələrdə maaşlar artarsa, həmin halda oların da pensiyaları maaşın artım faizinə uyğun artırılır.
Maaşlar artırılmasa, onların da pensiyaları indeksasiya olunmamış qalır. Bu kateqoriyadan olan insanlar deputatlar, hakimlər, Mərkəzi Seçki Komissiyasının üzvləri, Ombudsman, prokuror, prokurorluq işçiləri, hərbçilər, xüsusi hərbi rütbə daşıyan şəxslər və dövlət qulluqçularıdır. Müqayisə üçün deyək ki, son 10 ilin təsiri göstərir ki, 10 il ərzində ümumi əsaslarla pensiya alan şəxslərin pensiyası təxminən 98 faiz artdığı halda qeyd olan kateqoriyaya daxil olan şəxslərin pensiyası cəmi 70 faiz artıb. Bəzi kateqoriyalar isə daha az artıb, məsələn, hakimlərin pensiyası 25 faiz, prokurorluq işçilərinin 13 faiz, hərbi qulluqçular 59 faiz, dövlət qulluqçuları isə 69 faiz artıb ki, bu da infilyasiyanın mənfi təsirlərindən tam qoruna bilmir. “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklər bu ayrıseçkiliyi aradan qaldırır və bütün pensiyaçıların pensiyasını hər ilin əvvəlində indeksasiya edərək artırmaq imkanı yaratmış olur.
Digər dəyişiklik ötən il Prezident İlham Əliyevin sərəncamına əsasən, 200 manat əlavənin pensiyaların üzərinə daxil olunması və o əlavələrin də indeksasiya olunub artırılması ilə bağlıdır.
Təklif olunan dəyişikliklər qəbul olunduqdan sonra bütün növ əmək pensiyalarının məbləği hər il vahid qaydada indeksasiya edilərək artırılacaq və əvvəlki metoda nisbətən pensiyalar daha çox artacaq.
Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib. (Trend)