Məlum olduğu kimi, ötən il Əmək Məcəlləsində edilmiş dəyişikliklərdən sonra xidməti müqavilələrin bağlanması ilə bağlı yeni qaydalar tətbiq olunmağa başlayıb.
Eləcə də bax: Vergi orqanlarının əmək və xidməti müqavilələrə - TƏLƏBLƏRİ AÇIQLANDI - MÜSAHİBƏ
FED.az xəbər verir ki, yeni qaydalara əsasən, əmək münasibətlərinin mövcud olduğu şərtlərdə xidməti müqavilələrin əmək müqavilələri ilə əvəzlənməsi tələb edilir.
Məlumata görə, Əmək Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi Məcəllənin vəzifə və prinsiplərinə əlavə edilib. Əmək Məcəlləsində tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab olunan və onların mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilməyən hallar müəyyən edilib.
Qeyd olunub ki, bu dəyişikliklərdə ən vacib və bu günə qədər mübahisə yaradan bir neçə hal var. Həmin məqamlara xüsusi diqqət yetirmək vacibdir. Tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifə tutma, kvota üzrə işədüzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yaranırsa, bu zaman işçi ilə mütləq şəkildə əmək müqaviləsi bağlanılmalıdır.
Əgər şəxs işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunubsa, bu zaman da tərəflər arasında mülki-hüquqi müqavilənin bağlanılmasına yol verilmir.
Göstərilən xidmətə görə ödənilən haqqın tərkibi Əmək Məcəlləsinin 157-ci maddəsinin 3-cü hissəsində qeyd edilmiş aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda əmək müqaviləsi bağlanılması mütləq sayılır.
Mülki-hüquqi müqavilələr müvəqqəti xarakterə malik olduğu zaman müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimlənəndə yaranmış münasibətlər əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Mülki-hüquqi müqavilələrdə tərəflərdən biri digər tərəf qarşısında əmək məzuniyyəti, təhsil məzuniyyəti, işdənçıxma müavinəti, istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya və digər öhdəlikləri öz üzərinə götürürsə, bu cür münasibətlər də əmək münasibətləri hesab olunur.
Ötən dövr ərzində Dövlət Vergi Xidməti tərəfindən aparılan nəzarət tədbirləri zamanı hələ də bəzi sahibkarlar tərəfindən qanunvericiliyin yeni tələblərinə əməl edilmədiyi aşkar olunub. Çox zaman sahibkar işəgötürənin üzərinə düşən vergi öhdəliklərini azaltmaq məqsədilə işçi ilə əmək müqaviləsi əvəzinə xidməti müqavilə bağlayır.
Belə olan halda, həmin şəxs vergi orqanında vergi uçotuna durmağa məcbur olur və bu zaman o, artıq vergiödəyicisi kimi dövlət qarşısında öhdəliklərini (vergi, sosial ödənişlər, bəyannamələrin təqdim olunması, həmin bəyannamələri gecikdirdiyi zaman maliyyə sanksiyaları və cərimələrin ödənilməsi) yerinə yetirməyə borcludur.
Bu cür faktlar aşkar edildikdə sahibkara vergidən yayınma halı kimi müvafiq tədbirlər görülür. Bu baxımdan, belə həssas məqamlar əmək və xidməti müqavilələrin bağlanması zamanı mütləq nəzərə alınmalıdır. Bütövlükdə, qanunvericilikdə edilmiş dəyişikliklər, biznesin fəaliyyətində “ağarma” proseslərinin sürətlənməsi, dövlət orqanları tərəfindən həyata keçirilən müvafiq tədbirlər əmək bazarında şəffaflaşmanın, əmək müqavilələrinin və əməkhaqqı fondunun “ağarması”nın davam edəcəyinə əminlik yaradır.
Həmçinin diqqətə çatdırılıb ki, işəgötürənlər işçilərin əmək müqaviləsi əsasında işə cəlb olunması ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməli, habelə mal və pul vəsaitlərinin uçotdan gizlədilməsi hallarına yol verməməlidirlər. Vergiödəyicisi tərəfindən əmək müqaviləsinin şərtləri altında işçilərlə xidməti müqavilənin bağlanması yolverilməzdir. Xidməti müqavilə bağlamaqla vətəndaşlar işəgötürənin vergi və sosial öhdəliklərini öz üzərinə götürmüş olurlar ki, bu da onların hüquqlarının pozulması deməkdir. Əmək müqaviləsi olmayan və əməkhaqqını qeyri-leqal alan işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin ödənilməməsi ilə rastlaşır və ən əsası, gələcəkdə pensiya təminatından məhrum olurlar.