Əmək müqaviləsi ilə əlavə iş üçün əlavə əmək haqqıilə yanaşı istirahət və məzuniyyət günlərinizi də tələb edə bilərsiniz
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən FED.az-a verilən məlumata görə, qeyri-rəsmi formada, əmək müqaviləsi olmadan əmək münasibətləri yaradaraq işlərin görülməsinə cəlb edilən insanlar onlara heç bir istirahət və məzuniyyət günləri verilmədən işlədilirlər.
İşi yerinə yetirməkdən imtina edə bilərsiniz
Əmək müqaviləsi ilə işçi həyat və sağlamlığının, əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmağı, bu şəraitin yaradılmasını tələb edə bilər. Müqavilə işçiyə qanunvericiliklə müəyyən edilmiş iş vaxtı müddətində çalışmaq, minimum əmək haqqından aşağı olmayan əmək haqqı almaq, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqı almaq və ya onun verilməsini tələb etmək hüququ verir. O, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina edə, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqı verilməsini işəgötürəndən tələb də edə bilər. Digər tərəfdən, əmək müqaviləsi üzrə işçi peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq üçün hüquqi imkanlar qazanır.
İnsanlar istirahət və məzuniyyət günləri verilmədən işlədilir
Araşdırmalar göstərir ki, qeyri-rəsmi formada, əmək müqaviləsi olmadan əmək münasibətləri yaradaraq işlərin görülməsinə cəlb edilən insanlar onlara heç bir istirahət və məzuniyyət günləri verilmədən işlədilirlər. Əmək müqaviləsi üzrə çalışan işçilərin isə Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən olunmuş həftələrarası istirahət günlərindən, minimum müddətdən az olmayan ödənişli əsas və əlavə əmək məzuniyyətlərindən, müvafiq hallarda sosial, ödənişli yaradıcılıq və təhsil, eləcə də ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüquqları var.
Bu müqavilə ilə pensiyanızı təmin edəcəksiniz
Müqavilə bağlandıqda işçi məcburi dövlət sosial sığorta olunmaqla fərdi uçot sistemində şəxsi hesaba malik olur. Bu da işçiyə həmin hesabda gələcək sosial təminat hüquqları, o cümlədən əmək pensiyası hüququ üçün vacib olan pensiya kapitalını formalaşdırmaq və onu mütəmadi şəkildə artırmaq imkanı verir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanlara məlumatların verilməsi” e-xidməti vasitəsilə hər bir işçi onun sığorta hesabında toplanan vəsaitlərin artım dinamikasını, işəgötürən tərəfindən onun fərdi sosial sığorta hesabına yönəldilən məcburi dövlət sosial sığorta ödəmələrinin həyata keçirilməsi ardıcıllığını izləyə bilər.
Elektron İnformasiya Sisteminə daxil edilməyən əmək müqaviləsi qüvvəyə minmir
Bağlanan hər bir əmək müqaviləsi işəgötürən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişlərinin Elektron İnformasiya Sistemində müvafiq bildiriş formasında qeydiyyatdan keçirilməklə rəsmiləşdirilir və Elektron İnformasiya Sisteminə daxil edilməyən əmək müqaviləsi hüquqi qüvvəyə minmir. Elektron İnformasiya Sisteminə əmək müqaviləsinin bağlanması barədə məlumatlarla yanışı, eləcə də gələcəkdə ona tərəflərin qarşılıqlı rızılığı ilə dəyişikliklər edilməsi və ya əmək müqaviləsinə xitam verilməsi barədə məlumatlar da daxil edilir və bu barədə bildirişlər işəgötürən tərfindən işçiyə verilir. Elektron imza almaqda və ya müvafiq qaydada qeydiyyatdan keçməklə işçi bu bildirişləri Elektron İnformasiya Sistemindən sərbəst surətdə əldə edə və ya öz əmək münasibətləri ilə bağlı məlumatlarla günün istənilən vaxtında bir daha tanış ola bilər. Bunun üçün “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən istifadə olunur.
Əmək haqqı barədə elektron qaydada arayış əldə edə bilərsiniz
“İş yerinə dair arayış” e-xidməti vasitəsilə işçi müvafiq hallarda öz işəgötürəninə müraciət etmədən, öz iş yeri və əmək haqqı barədə elektron qaydada arayış da əldə etmək imkanına da malikdir.
Əmək müqaviləsi bağlamayanları nə gözləyir? – NAZİRLİKDƏN AÇIQLAMA
17:40
20 Noy 2017