FED.az xəbər verir ki, mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.
Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb
Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinin öncəki redaksiyasında qeyd edilirdi ki, əmək münasibətləri əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə məlumat göndərilməsindən sonra yaranır. "Əmək müqaviləsi bildirişi" anlayışı bu Məcəllədən çıxarıldığı üçün 7-ci maddənin 2-ci bəndində dəyişiklik edilib. Yeni dəyişikliyə əsasən, əmək münasibətləri əmək müqaviləsi bildirişi qeydiyyata alındıqda yox, əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranacaq.
Beləliklə, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır.
Əvvəlki redaksiyada Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olunurdusa, yeni redaksiyadan göründüyü kimi, maddənin 2-2-ci hissəsinə də istisna tətbiq edilib. Qeyd edək ki, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci bəndinin istinad mənbəyi Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2014-cü il tarixli, 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) siyahısı"dır. Digər bənd isə hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlıdır. Belə ki, Əmək Məcəlləsinin 2-2-ci maddəsinə əsasən, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır.
Bu maddə ilə bağlı xüsusi məqam odur ki, əvvəllər yalnız yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması mümkün idisə, 21 may 2024-cü il tarixdə "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunda edilmiş dəyişiklik nəticəsində xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı (yenidən təşkil nəticəsində yaranan məhdud məsuliyyətli cəmiyyət istisna olmaqla) mümkündür.
Əmək Məcəlləsində edilmiş son dəyişikliklərdən sonra işçilərin hüquqları da genişləndirilib. Əvvəllər işçi ƏMAS altsisteminə daxil olmaqla öz iş yerindən arayışı elektron formada yükləmək hüququna malik idi. Bu zaman ƏMAS altsistemi işçiyə imkan yaradırdı ki, həm əməkhaqqı qeyd edilməklə, həm də əməkhaqqı məbləği qeyd olunmadan iş yerindən arayış əldə etsin. Ancaq əmək müqaviləsi kağız formada imzalandığı üçün işçi həmin əmək müqaviləsi, o cümlədən elektron xitam əmri haqqında məlumatı ƏMAS altsistemindən əldə etmək hüquna malik deyildi. Son dəyişiklik nəticəsində Əmək Məcəlləsinin 9-cu maddəsinə əlavə edilmiş "o" bəndinə əsasən, elektron informasiya sistemindən əmək müqaviləsini, habelə əmək münasibətlərinə (iş yeri, əməkhaqqı və s.) dair arayışları real vaxt rejimində əldə etmək işçinin hüquqlarına aid edilib. Əmək müqaviləsinin elektron sənəd formasında hazırlanmasına keçid prosesindən sonra işçi ƏMAS altsistemindəki şəxsi kabinetindən aşağıdakı məlumatları əldə edə bilər:
- Elektron sənəd formasında bağlanmış əmək müqavilələri;
- Xitam əmrləri;
- Əmək müqaviləsi bildirişləri;
- İş yerinə dair arayış. (vergiler.az)