“Əmək və Məşğulluq” altsisteminə (ƏMAS) yeni funksionallıq əlavə edilib.
Bu barədə FED.az-a Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yeniliyə əsasən, işəgötürənlər sistem üzərindən işçilərin əlilliyi ilə bağlı məlumatları siyahı formasında əldə edə biləcəklər. Bununla yanaşı, ƏMAS-ın “Statistik məlumatlar” altbölməsinə “Əlillik qrupları üzrə say” adlı yeni bölmə də əlavə olunub. Bu bölmə vasitəsilə orqanizmin funksiyalarının pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilərin sayı ilə bağlı ümumi statistik məlumatlar təqdim olunur.
Yeni funksionallıq işəgötürənlərə əlilliyi olan işçilərin sayını əlillik qrupları üzrə daha dəqiq və strukturlaşdırılmış formada izləməyə imkan verəcək. Bu da müəssisələrdə inklüzivlik və sosial məsuliyyət prinsiplərinin daha effektiv şəkildə tətbiqinə şərait yaradır.
ƏMAS-da həyata keçirilən bu yenilik əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyasını təşviq edir və inklüziv məşğulluq imkanlarının genişləndirilməsinə mühüm töhfə verir.