Əlilliyin müəyyən edilməsi sistemində yeni meyarların tətbiqi ilə əlaqədar Nazirlər Kabineti yeni Qərarla “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda bir sıra dəyişikliklər edib.
Eləcə də bax: Nazirlər Kabineti əlilliyin müəyyən edilməsinə dair yeni meyarları - TƏSDİQLƏYİB
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən FED.az-a verilən xəbərə görə, qaydada edilmiş dəyişikliklər 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək.
Dəyişikliklərə əsasən Qaydada “Əlillik dərəcəsi (I, II, III) və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” sözləri “orqanizmin funksiyalarının pozulması faizi” sözləri ilə əvəzlənib;
Orqanizmin funksiyaları 30 faizdən artıq pozulduqda 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilərək əlillik müəyyən edilir;
Faiz göstəriciləri üzrə qiymətləndirmə 5 faiz aralığı ilə aparılır;
Orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal üzrə funksiyaların pozulma faizi müəyyən olunur, faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə 100 faizdən çox olmamaqla müəyyən edilir;
Əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir;
Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması:
31-60 faiz aralığında ardıcıl olaraq 15 il,
61-80 faiz aralığında ardıcıl olaraq 10 il
81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə
bu Qayda nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti dəfə əlillik müddətsiz müəyyən edilir;
Yeni meyarlar qüvvəyə mindiyi tarixədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri I, II və III dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydada qeyd edilmiş müddətlərə daxil edilir.