Sosial sahədə, xüsusilə də əlillik və ünvanlı sosial yardım sahəsində nəzarətin güclənməsi böyük məbləğdə vəsaitlərin qənaətinə imkan verib. FED.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dekabrın 11-də prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına həsr olunan iclasında bildirib.
Nazir deyib ki, «əlillik təyinatlarında şəffaflığın təmin edilməsi məqsədilə ciddi nəzarət tədbirləri görülüb, Səhiyyə Nazirliyi ilə birgə iş nəticəsində ötən ilin dördüncü rübündə birinci rüblə müqayisədə əlillik təyinatı 61 faiz, I qrup təyinatları isə 56 faiz azalıb»”.
Nazir qeyd edib ki, əsassız təyinatlar ləğv edilərək, 3 milyon manatbüdcə vəsaitinə qənaət olunub.
Ən böyük qənaət isə ünvanlı yardımlarda əldə edilib. Nazirli bildirib ki, aztəminatlı ailələrin sosial müdafiəsi məqsədilə ünvanlı dövlət sosial yardımı proqramının icrası davam edib, dekabrda yardımın orta aylıq məbləği 189 manata çatıb, il ərzində 104 milyon manat vəsait xərclənib:
«Bu sahədə mənfi halların qarşısının alınması və ünvanlılığın təmin edilməsi nəticəsində təyinatların sayı 53 faiz azalıb, büdcə vəsaitlərinə 102 milyon manat və ya 49 faiz qənaət edilib».
S.Babayev vurğulayıb ki, aztəminatlı ailələr üçün özünüməşğulluq proqramı ötən il 6,5 dəfə genişlənib, 7267 nəfər biznes planlarını uğurla müdafiə edib:
“5000-dən çox ailə aktivlərlə təmin olunub və kiçik ailə təsərrüfatlarını yaradıb. Proqrama cəlb olunanların əksəriyyətini ünvanlı yardım alanlar, məcburi köçkünlər, əlilliyi olanlar, şəhid ailələri, qadınlar və gənclər təşkil edib. Heydər Əliyev Fondu bu istiqamətdə Nazirliyə dəstək verib və “Sosial bağlar” layihəsi çərçivəsində 125 ailə üçün bağçılıq təsərrüfatları yaradılıb. İctimai işlərin təşkilinə dair “İşsizin dostu” adlı yeni proqram hazırlanıb, “DOST İŞ MƏRKƏZİ” yaradılıb. Mərkəz vasitəsilə bu il 30 minədək işsiz şəxs ictimai işlərə tam şəffaf şəkildə cəlb ediləcək”.
Əlillik və ünvanlı yardım təyinatı 53% azalıb - 100 MİLYON QƏNAƏT
11:41
12 Yan 2019