Əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müalicə müddəti gözlənilmədən göndərişləri rəsmiləşdirilən bir sıra xəstəliklərin adı bəlli olub.
FED.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin əməkdaşı Günay Hüseynova bu gün Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasına edilən dəyişikliyi şərh edərkən məlumat verib.
O bildirib ki, sözügedən dəyişikliyə əsasən, əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə müalicə müddəti gözlənilmədən göndərişlərin rəsmiləşdirilməsinə əsas verən xəstəliklərin sayı artırılıb:
“Əvvəllər 5 istiqamət üzrə müalicə müddəti gözlənilmirdi. Bunlara əqli pozuntular, anatomik çatışmazlıqlar, dərmana davamlı vərəm formaları, 4-cü mərhələ onkoloji xəstəliklər və 5-ci mərhələ xroniki böyrək xəstəlikləri aid idi. Bu məqsədlə müalicə müddəti gözlənilməyən xəstəliklərin siyahısı artırlıb, təqribən 15 dəfə artırılaraq 5-dən 73-ə çatdırılıb. Bu hal vətəndaş məmnuniyyətini artıracaq”.
Onun sözlərinə görə, əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibbi- sosial ekspertiza müayinəsinə müalicə müddəti gözlənilmədən göndərişləri rəsmiləşdirilən xəstəliklər sırasına ağciyər sarkodiozu, oynaq ankilozu, demensiya, autizm və bir çox hematoloji xəstəliklər və s. daxildir.