Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkədə əlillik təyinatı sistemində ilk dəfə olaraq köklü dəyişikliklərin edilməsini, əlilliyin mütərəqqi dünya təcrübəsinə uyğun daha təkmil qiymətləndirilməsini hədəfləyən yeni "Əlilliyin müəyyən olunması meyarları" ilə əlaqədar hazırlanmış qanunvericilik layihələrinin paketi artıq Milli Məclisə təqdim edilib.
Eləcə də bax: Əlillik üçün müayinələr – VİDEOYA ÇƏKİLİR – 12 NƏFƏR İMTİNA ALDI
Nazirlikden FED.az-a bildirlib ki, gələn ildən tətbiqi nəzərdə tutulan yeni meyarlarla əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi əsasında, həm də xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin olunacaq. Yəni,
I dərəcə - orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi,
II dərəcə - orqanizmin funksiyalarının 61-80 faiz itirilməsi,
III dərəcə - orqanizmin funksiyalarının 31-60 faiz itirilməsi
kimi müəyyən ediləcək. Həmçinin sağlamlıq imkanları məhdudluq da bu əsasda təyin olunacaq.
Əlilliyin qiymətləndirilməsi şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürülməklə aparılacaq.
Qüvvədə olan 94 normativ hüquqi akt bu dəyişikliklərə uyğunlaşdırılacaq, o cümlədən "sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar" sözləri "18 yaşınadək əlilliyi olan şəxslər" sözləri ilə əvəzlənəcək. Geridönməz halları olan uşaqlara əlillik 18 yaşa qədər deyil, müddətsiz təyin ediləcək.