«Təəssüf ki, bəzi vətəndaşlarımız tənha yaşlılara göstərilən sosial xidmətlərlə bağlı yanlış təsəvvürə malikdirlər».
FED.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.
Qeyd edək ki, hazırda Azərbaycanda yaşı 65-dən yuxarı tənha insanlarımıza evlərində sosial xidmətlər göstərilir. Yalnız bu xidmətlərlə təmin olunmaq üçün həmin insanlar Nazirliyin 142 - Çağrı mərkəzinə zəng edərək qeydiyyata alınırlar. Amma F.Talıbov bildirir ki, bəzi hallarda vətəndaşlar 142-yə zəng edərkən yanlış olaraq ərzaq yardımı və ya ödənişsiz taksi xidməti ilə təmin olunmaqla bağlı müraciət edirlər: «Bununla əlaqədar diqqətə çatdırırıq ki, sosial xidmətlər hər hansı ərzaq yardımı deyil. Sosial xidmətlərə ev təsərrüfatı ilə bağlı işlərdə, öz vəsaiti hesabına ona lazım olan əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. kömək göstərilməsi daxildir».
Nazirlik nümaynədəsi bildirib ki, ödənişsiz taksi xidməti barədə yayılan məlmatar da əsasızdır: «Eyni zamanda, tənha şəxslərə ödənişsiz taksi xidməti göstərilməsi ilə bağlı fikirlər də tam əsassızdır. Belə ki, ayrılmış avtomobillər və sürücülər tənha insanlara sosial xidmətləri yerinə yetirənlər, yəni sosial xidmətçilər və onlarla birgə işləyən könüllülər üçün nəzərdə tutulub. Bunda da məqsəd xidmətlərin göstərilməsində çevikliyi təmin etməkdir».
Nazirlik rəsmisi vətəndaşları bu məsələlərlə bağlı diqqətli olmalarını, yalnız nəzərdə tutulan istiqamətlər üzrə 142-yə zəng etməyə çağırıb: «Səhv məlumatlara, şaiyələrə deyil, rəsmi məlumatlara inanın».