Hər il Azərbaycanda iş yerlərində, istehsalatda baş verən qəzalarda onlarla insan həyatını itirir və ya müəyyən bədən xəsarətləri alaraq əlil olur. Bəs bu qəzalardan necə qorunmaq olar?
Eləcə də bax: İşçiləri sığortalamaq neçəyədir? - PEŞƏLƏR, MƏBLƏĞLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, mühafizə qaydaları üzrə təlimçi, ekspert Elmar Nurəliyev bildirib ki, işdə təhlükəsizlik qaydalarınına riayət olunmasında işəgötürənlər maraqlı olmalıdır:
"İşçi işə götürülərkən onunla əmək müqaviləsi bağlanmalı, onun iş sığortası olmalıdır. Daha sonra işçi işə başlamamışdan qabaq ona giriş təlimatı verilməli, işə başlayanda isə ilkin təlimat verilib sonra işə başlamalıdır. Bunlar hamısı təhlükəsizlik üçündür".
E.Nurəliyev qeyd edib ki, işçi iş yerinə qəbul olunanda ona hansı təhlükəsizlik qaydalarına riayət etmək lazım olduğu ilə bağlı məlumat verilməli, təlim keçirilməlidir. Buna iş yerlərində olan rəhbər vəzifəli şəxslər nəzarət etməlidir.
Ekspertin sözlərinə görə, daha çox qəza tikinti sahəsində baş verir: "Tikintidə baş verən qəzaların əsas səbəbləri uçma, dağılma, çökmədir. İkincisi keyfiyyətsiz tikinti materiallarının istifadəsidir. Üçüncüsü isə lahiyələndirmədən kənaraçıxmalardır.
Bundan başqa tikintidə işləyən işçilərə nəzarət yaxşı səviyyədə deyil. Bəzi tikinti şirkətlərində heç bir təhlükəsizlik qaydalarına riayət edilmir".
Ekspertin fikrincə, tikinti sahəsində təhlükəsizlik tədbirləri kompleks görülməlidir:
"Belə ki, ağır tikinti materialları, kran işləri, dəmir armatur işləri, hündürlükdə işlər və s. bütün bunların hamısında təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Hündürlükdə çalışan işçilər üçün xüsusi təhlükəsizlik tədbirləri görülməlidir. Tikinti sahəsində hündürlük 7 metrdən yuxarı olarsa, qoruyucu sipər çəkilməlidir. Amma biz müşahidə edirik ki, hündürlükdə çalışan fəhlələrin nə qoruyucu kəməri var, nə başında dəbilqəsi. Ayağında isə rezin çəkmə əvəzinə, gündəlik həyatda geydikləri adi ayaqqabı var. Potensial təhlükə budur. Bu laqeydliyin nəticəsidir ki, iş yerlərində bədbəxt hadisələr baş verir".
E.Nurəliyev bildirir ki, işçilərin təhlükəsizliyinə sahibkarlar cavabdehdir: "Hesab edirəm ki, iş yerlərində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılması çox vacibdir və bu işə ciddi nəzarət olunmalıdır".