Azərbaycanda artıq çimərlik mövsümü başlayıb.
Eləcə də bax: Bakıda çimərlik mövsümü ilə bağlı – BAKI İCRA HAKİMİYYƏTİNDƏN AÇIQLAMA
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, çimərliklərdəki durumla əlaqədar mövzunun aktuallığını nəzərə alaraq Media Təhlil Mərkəzi (MTM) tərəfindən 28 iyun – 3 iyul tarixlərində sorğu keçirilib.
Sorğuda iştirak edən 1005 respondentin 47%-ni qadınlar, 53%-ni kişilər təşkil edib.
Respondentlərin 39%-i artıq çimərliyə getdiyini, 33%-i isə gedəcəyini bildirib. Pandemiyaya görə bu il çimərliklərə üz tutmayacağını qeyd edənlər cavab verənlərin 7%-ni təşkil edib. Respondentlərin 21%-i isə ümumiyyətlə çimərliklərə getmədiyini qeyd edib.
Sorğu iştirakçılarının 28%-i çimərlikdə sosial məsafənin saxlanılmasını lazımsız tədbir hesab etsə də, cavab verənlərin 17%-i əksini düşünür. İnsanların az toplaşdığı çimərliklərə üz tutmağı məqsədəuyğun sayanlar respondentlərin 25%-ni təşkil edib. İştirakçıların 14%-i vaxt amilini nəzərə almağı və çimərliyə gedərkən insanların daha az toplaşdığı saatları seçməyi düzgün hesab edib. Çimərliyə getmədiyini qeyd edərək, bu barədə fikir bildirməyənlər respondentlərin 16%-ni təşkil edib.
Bir və ya bir neçə variant seçmək imkanına malik olan respondentlər “Azərbaycanda hansı çimərliyi bəyənirsiniz?” sualına aşağıdakı kimi cavab verib:
Bilgəh – 39,4%;
Mərdəkan-Şüvəlan – 28,1%;
Novxanı – 22,6%;
Şıxov – 9,7%;
Buzovna – 12,9%;
Zuğulba – 7,9%;
Pirşağı – 13%;
Nardaran – 12,3%;
Türkan – 5,1%;
Hövsan – 4,2%;
Sumqayıt – 5,3%;
Digər – 14,4%;
Heç birini bəyənmirəm – 18%.
Respondentlərin 46%-i ödənişsiz, 36%-i ödənişli çimərliklərə üz tutduğunu qeyd edib. Ümumiyyətlə çimərliyə getmədiyini deyənlər bu suala cavab verənlərin 18%-ni əhatə edib.
Sorğuda iştirak edənlərin bu il çimərliklərdən istifadə zamanı hansısa xüsusi qaydaların tətbiq olunmasının vacibliyi ilə bağlı fikirləri müxtəlif olub. İştirakçıların 37%-i qeyd edib ki, paltardəyişmə otaqlarında və sanitar qovşaqlarda təmizlik qaydalarına riayət olunmalıdır. “Çimərlik ərazisində tullantılar xüsusi ayrılmış qutulara atılmalıdır” deyənlər cavab verənlərin 30%-ni təşkil edib. Sorğu iştirakçılarının 10%-i dezinfeksiya məhlullarından tez-tez istifadə edilməsini, 8%-i isə sahildə çimmək üçün zonaların xüsusi işarələrlə ayrılmasını vacib hesab edib. Cavab verənlərin 15%-i üçün hansısa qaydalara riayət olunub-olunmamasının fərqi yoxdur.