İsveçrənin Cenevrə kantonu (vilayəti) dünyada ən yüksək məbləğdə minimum əmək haqqı təyin edib. FED.az xəbər verir ki, yeni qaydaya əsasən minimum əmək haqqı 1 saat üçün 23 İsveçrə frankı (25 dollar) təyin edilib.
Nəticədə 41 saatlıq iş həftəsində aylıq minimum əmək haqqı 4 min frank, və ya 4347 dollara çatacaq.
Bununla bağlı keçirilən referendumda, 58% bu dəyişikliyə razılaşıb. Belə yüksək əmək haqqı təyin etmək həmkarların təşəbbüsü ilə olub. Məqsəd yoxsulluğa qarşı mübarizə və sosial inteqrasiyanı gücləndirməkdir.
Yeni minimum əmək haqqının tətbiqi işləyənlərin 60%-nin maaşını artıracaq. Həmkarlar təşkilatı hesablayıb ki, maaşın artımı birbaşa olaraq 30 min nəfərə aid olacaq ki, onların da 3-də 2-si qadınlardır.
Qeyd edək ki, İsveçrədə ümumiyyətlə, ölkə üzrə minimum əmək haqqı təyin edilməyib. Cenevrə ölkədəki 26 kantondan belə məbləğ müəyyən edən 4-cü kanton olub.
Bununla yanaşı, qeyd edək ki, saata 25 dollarlıq maaş barədə danışanda Cenevrədəki qiymətləri də nəzərə almaq lazımdır. The Economistin araşdırmasına görə, Cenevrə dünyanın ən bahalı 10 şəhərinən biri sayılır. İsveçrənin Statistika idarəsinin 2018-ci ilə olan məlumatına görə, iki böyük və iki uşaqdan ibarət olan ailə üçün kasıblıq həddi 3968 frank təşkil edir.