“Məsələ təkcə məktəb tikib onu müəllimlə, yaxud xəstəxana tikib onu həkimlə təchiz etməkdən getmir. 200-250 manat əməkhaqqı alan həkim keyfiyyətli xidmət göstərməkdə nə dərəcədə maraqlı olacaq? Eyni zamanda bu, korrupsiya üçün də birbaşa yol açır”.
FED.az xəbər verir ki, bunu Dünya Bankının (WB) Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi deyib.
Onun sözlərinə görə, Azərbaycanda neft sektoruna sərmayə yatırmaq istəyənlərin sayı təhsilə investisiya qoymaq istəyənlərdən çoxdur: “Öz vəsaitlərimiz hesabına Azərbaycanda iki vacib araşdırmanı aparırıq. Bunlardan birincisi erkən uşaqlıq dövründə inkişaf, yəni məktəbəqədər tərbiyə ilə, ikincisi isə ali təhsillə bağlıdır. May-iyun aylarında bu araşdırmalar artıq yekunlaşacaq. Düşünürəm ki, bu məsələlərlə bağlı debatlara ehtiyac var”.
Dünya Bankının rəsmisi Azərbaycan Mərkəzi Bankın ehtiyacı olduğu məsələlərə də aydınlıq gətirib: “Düşünürəm ki, AMB dəyişəcək və artıq dəyişməkdə olan iqtisadiyyat üçün bir neçə alət və strategiyalar hazırlamaqdadır. Biz təkcə həmin quruma deyil, həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasına, İqtisadiyyat və Maliyyə Nazirliklərinə də nə etmələri ilə bağlı məsləhətlərimizi veririk”.
N.H.Naqvi həmçinin qeyd edib ki, Azərbaycan iqtisadiyyatında struktur islahatlarının aparılması çətin olacaq: “Bu bütün nazirlikləri, AMB-ni, bütün sahəvi strukturları əhatə etməlidir”.
@report.az