2025-ci ildə Azərbaycanda məşğulluq artımı əsasən özəl sektor hesabına təmin edilib və il ərzində 75-80 min yeni iş yeri yaradılıb.
FED.az xəbər verir ki, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə baş iqtisadçısı Vael Mansur Bakıda "Azərbaycan üzrə Ölkə İqtisadi İcmalı – Yaz 2026" hesabatının təqdimatında deyib.
Onun sözlərinə görə, əmək bazarında müsbət dinamika qorunub saxlanılıb. İş yerlərinin yaradılmasında əsas rol özəl sektora məxsus olub. Nəticədə işsizlik səviyyəsi 2024-cü ildəki 5,3%-dən 2025-ci ildə 5,2%-ə enib.
Vael Mansur bildirib ki, 2025-ci ildə Azərbaycanda daxili tələbin zəifləməsinin əsas səbəbləri dövlət investisiyalarının azalması və özəl istehlakın zəifləməsi olub.
O qeyd edib ki, dövlət xərcləri uzun illər qeyri-neft sektorunda iqtisadi fəallığın əsas hərəkətverici qüvvəsi olsa da, fiskal konsolidasiya nəticəsində dövlət investisiyalarının əhəmiyyətli dərəcədə azalması tikinti və əlaqəli sahələrdə iqtisadi aktivliyə mənfi təsir göstərib.
Baş iqtisadçının sözlərinə görə, özəl istehlakın zəifləməsi əməkhaqlarının artım tempinin yavaşıması və istehlak kreditləri üzrə şərtlərin 2024-cü illə müqayisədə sərtləşməsi ilə bağlı olub. Nəticədə ev təsərrüfatları xərclərini daha ehtiyatlı həyata keçiriblər.
Vael Mansur vurğulayıb ki, 2025-ci ildə Azərbaycanın iqtisadi artımı 1,4%-ə enib. Buna əsas səbəb karbohidrogen hasilatının azalması və daxili tələbin zəifləməsi olub. Bununla belə, ölkədə makroiqtisadi sabitlik qorunub, dövlət borcu aşağı səviyyədə qalıb, strateji ehtiyatlar yüksək olaraq qalır və bank sektoru dayanıqlığını saxlayıb.
O əlavə edib ki, karbohidrogen gəlirlərinin azalması fonunda cari əməliyyatlar balansının və büdcənin profisiti azalsa da, müsbət olaraq qalır. Dövlət borcunun ÜDM-in təxminən 20%-i səviyyəsində olması hökumətə gələcək xarici şoklara qarşı çevik reaksiya vermək və iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş investisiyaları artırmaq üçün geniş fiskal imkan yaradır. (Apa)














