Dubayda yaşayan, işləyən azərbaycanlıların iş imkanları məhdudlaşdırıldığı üçün ölkəyə geri qayıdırlar.
FED.az xəbər verir ki, bunu saytımıza açıqlamasında, mövsümün son yarışı olan Əbu Dabi Qran Prisini işıqlandırmaq üçün Birləşmiş Ərəb Əmirliklərinə ezam olunmuş Formula 1 yarışları üzrə şərhçi Rəhim Əliyev deyib. O bildirib ki, Dubaydakı şirkətlər daha az maaşla işləyən başqa ölkələrin vətəndaşlarına üstünlük verirlər:
“Bizim qaldığımız otelin resepşnında çalışan azərbaycanlı xanım deyir ki, onun bütün ailəsi üzvləri Əbu Dabidə yaşayır və hər biri müxtəlif yerlərdə çalışırlar. Xanım həmyerlimizdən onu da öyrəndik ki, son dövrlər orada vəziyyət bir xeyli çətinləşib. Belə ki, azərbaycanlıların burada 500 dollara çalışdıqları iş yerlərində daha az maaşa razı olan çinli, hindistanlı və banqladeşli ucuz işçi qüvvəsinə üstünlük verilir. Nəticədə həmyerlilərimiz kütləvi şəkildə işdən çıxarılırlar.”
R.Əliyev deyir ki, orada fəaliyyət göstərən azərbaycanlı iş adamları da öz həmyerlilərimizə yox, iqtisadi vəziyyəti zəif olan ölkələrdən gəlmiş işçilərə üstünlük verirlər:
“Orada olarakən özümüz də müşahidə etdik ki, işçi təbəqəsi kütləvi şəkildə Asiya ölkələri vətəndaşları ilə əvəz olunub. Hər addımda Hindistan və Nepaldan olan çalışanlarla qarşılaşırdıq. Amma burada çinlilər daha çox üstünlük təşkil edirdi.
Eşitdiklərimizin təsdiqi olaraq da Azərbaycana qayıdarkən hava limanında Dubaydan ölkəmizə birdəfəlik dönüş edən həmyerlilərimizlə də rastlaşdıq.”
Dubaydakı azərbaycanlılar kütləvi şəkildə işdən çıxırılırlar - SƏBƏB
10:28
1 Dek 2017