Prezident İlham Əliyevin 2019-cu il 18 yanvar tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nəzdindəki üç müəssisə əsasında vahid qurum yaradılır.
FED.az xəbər verir ki, DSMF-nin nəzdindəki üç sosial xidmət müəssisəsi - “Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi”, “Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi” və “Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq” ləğv edilib. Onların əsasında DSMF-nin nəzdində olmaqla Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin yaradılmasına başlanılıb.
Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi qeyd edilən şəxsləri, o cümlədən müəyyən yaşayış yeri olmayan şəxsləri, baxımsız, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanları stasionar şəraitdə sosial xidmətlərlə təmin edəcək. Müəssisə yalnız sığınacaq kimi fəaliyyət göstərməyərək, burada həmin insanların normal həyat tərzinə sahib olmaları, əmək qabiliyyətli olanların əmək bazarına dönüşü, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların bu vəziyyətdən çıxarılmaları, nəticə etibarilə həssas əhali qruplarından olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyası və s. üçün aidiyyəti işlər aparacaq.
Nazirlik Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Nizamnaməsini, strukturunu və ləğv edilmiş müəssisələrin işçilərinin say həddi daxilində ştat cədvəlini Nazirlər Kabineti ilə razılaşdırmaqla təsdiq edəcək.