Bundan sonra dövlət qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi yalnız büdcədən ödənilməyəcək.
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Dövlət qulluğu haqqında” qanunda dəyişikliklər edilməsi barədə imzaladığı qanunda öz əksini tapıb.
Belə ki, qanunun 25.10-cu maddəsinə əsasən, dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır. Dövlət qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə Azərbaycan Respublikasının dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsinin vəsaiti hesabına ödənilir.
Bundan əlavə, qanunun 7.1-ci maddəsi aşağıdakı redaksiyada verilib:
“7.1. Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır.”.
2. 14.1-ci maddədə “dövlət büdcəsi vəsaitindən” sözləri “bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən” sözləri ilə əvəz edilsin.