Ötən il dövlət qulluqçularının etik davranış qaydalarına biganə yanaşan rayon icra hakimiyyətlərinin adları açıqlanıb.
Eləcə də bax: Nazir və komitə sədrlərinin qəbul günləri açıqlanıb - SİYAHI
FED.az xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanuna uyğun olaraq etik davranış məsələləri ilə bağlı həyata keçirilmiş maarifləndirmə tədbirləri və etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə 2021-ci il üzrə hesabatında əksini tapıb.
Hesabata əsasən, yerli icra hakimiyyəti orqanlarından Binəqədi Rayon İcra Hakimiyyəti, Xızı Rayon İcra Hakimiyyəti və Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilən məlumatlarda həmin orqanlarda qulluq keçən dövlət qulluqçuları üçün etik davranış qaydaları mövzusunda təlimlərin (təlim iştirakçılarının sayı göstərilmədən) mütəmadi keçirildiyi bildirilib.
Sabunçu Rayon İcra Hakimiyyəti və Sabirabad Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilən məlumatlara əsasən koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar həmin rayon icra hakimiyyəti orqanlarının dövlət qulluqçuları arasında təlimlərin keçirilməsi mümkün olmayıb.
Yerli icra hakimiyyəti orqanlarına göndərilmiş müvafiq məktuba Nərimanov Rayon İcra Hakimiyyəti, Abşeron Rayon İcra Hakimiyyəti, Bərdə Rayon İcra Hakimiyyəti, Biləsuvar Rayon İcra Hakimiyyəti, Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti, Laçın Rayon İcra Hakimiyyəti, Qobustan Rayon İcra Hakimiyyəti, Şabran Rayon İcra Hakimiyyəti və Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən cavab verilməyib.
Dövlət orqanları tərəfindən “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş etik davranış qaydalarına əməl edilməsi vəziyyəti, daha çox etik qaydaların pozulmasına yol verilmiş dövlət orqanları, pozulmuş etik qaydalar, etik davranış qaydaları üzrə aparılmış maarifləndirilmə işi ilə bağlı ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılması məqsədilə Mərkəz tərəfindən daim tədbirlər görülür, o cümlədən dövlət qulluqçularının etik davranış qaydaları mövzularında keçirilən təlimlərə dair məlumatlar Mərkəzin internet portalında yerləşdirilir.
Hesabat dövrü ərzində etik davranış qaydalarının pozulması ilə bağlı vətəndaşlar tərəfindən daxil olmuş müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılıb. Hesabat dövründə Mərkəzə etik davranış qaydalarının pozulması ilə bağlı 2 müraciət daxil olub.
Mərkəzə daxil olan müraciətdən 1-i yerli icra hakimiyyəti, 1-i isə mərkəzi icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı olub.
Yerli icra hakimiyyəti orqanlarından Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Aparatında qulluq keçən şəxs haqqında vətəndaş tərəfindən daxil olan müraciətdə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci (Peşəkarlıq və fərdi məsuliyyətin artırılması), 8-ci (İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət) və 9-cu (Mədəni davranış) maddələrinin tələblərinin pozulması bildirilib.
Şikayətin araşdırılması məqsədilə Siyəzən Rayon İcra Hakimiyyətinə sorğu verilib. Siyəzən Rayon İcra Hakimiyyətindən verilən məlumata əsasən aparılmış araşdırma zamanı vətəndaşın müraciətində qeyd etdiyi halların əsaslı sübutlar olmadığı üçün öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Bununla yanaşı, vətəndaşın eyniməzmunlu müraciəti həmin orqan tərəfindən araşdırılıb, müraciəti ilə bağlı vətəndaş orqana dəvət edilib, onunla ətraflı söhbət aparılıb və müraciətinin nəticəsi barədə vətəndaşa ətraflı izahat və yazılı cavab verilib. Həmçinin sözügedən orqan tərəfindən bildirilib ki, vətəndaş müraciətində qeyd etdiyi məsələ ilə bağlı heç bir şikayət və tələbinin olmadığı barədə həmin orqana yazılı izahat təqdim edib. (Report)