İşəgötürənlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin göndərişi ilə işə qəbul olunan şəxslərin əməkhaqqının və əməkhaqqından tutulmaların 50%-nin İşsizlikdən sığorta fondunun vəsaiti hesabına maliyyələşdirilməsi proqramında iştirak edə bilərlər.
Nazirlikdən FED.az-a verilən məlumata görə, proqrama son 1 ildə fəaliyyətdə olan və müraciət tarixinə yerinə yetirilməmiş vergi öhdəliyi və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan, həmin müddətdə iş yerlərinin sayını azaltmayan işəgötürənlər qoşula bilər. Bunun üçün həmçinin işəgötürənin işçilərinin orta illik sayının 20%-dən çoxunu sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər təşkil etməlidir. İşəgötürənin vakansiya bankına müvafiq məlumatları təqdim etməsi, kiçik və orta sahibkarlıq subyekti hesab olunması, müflis elan edilməsi barədə müraciəti olmaması da şərtlər sırasına daxildir.
Əmək haqlarının maliyyələşdirilməsi nəzərdə tutulan iş yerləri üzrə vakansiyalar ən azı 3 ay əvvəl “Məşğulluq” altsisteminə daxil edilməlidir.