Dövlət Məşğulluq Agentliyi ilə bp şirkəti arasında gələcək birgə layihələrin icrasını nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
Agentlikdən FED.az-a daxil olmuş məlumata görə, sənədi Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və bp şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıb.
M.Abbasbəyli məşğulluq sahəsində aparılan islahatları, pandemiya və postmüharibə dövründə sosial dəstək paketləri çərçivəsində məşğulluq sahəsində proqramları qeyd edib. O, aktiv məşğulluq proqramlarının təşkili sahəsində Dövlət Məşğulluq Agentliyi ilə bp şirkəti arasında əlaqələrin önəmini və yeni imzalanan əməkdaşlıq sənədi ilə bu əlaqələrin daha da güclənəcəyini vurğulayıb.
B.Aslanbəyli bp-nin Azərbaycandakı fəaliyyətindən, həyata keçirdiyi geniş sosial sərmayə proqramlarından bəhs edib, o cümlədən yerli potensialın və sahibkarlığın inkişafına yönəlmiş sosial layihələri haqqında məlumat verib.
Görüşdə Anlaşma Memorandumu üzrə reallaşdırılması nəzərdə tutulan, gənc sahibkarlara dəstək məqsədi daşıyacaq “Kənd yerlərində gənc sahibkarlara dəstək” təşəbbüsündən bəhs olunub. Eləcə də əməkdaşlıq sənədi əsasında birgə fəaliyyət müstəvisində icra olunacaq məşğulluq layihələrinə dair fikir mübadiləsi aparılıb.