Dövlət Komitəsi müavinət almaq hüququndan məhrum olmuş məcburi köçkünlər bağlı bəzi məsələlərin həlli istiqamətində təkliflər hazırlayır.
FED.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib.
Eləcə də bax: “Məcburi köçkünlər onlara verilən evləri sata, kirayəyə verə bilməzlər” - MÜSAHİBƏ
F. Hüseynov deyib ki, məcburi köçkünlər və əraziləri işğal olunmuş rayon İcra hakimiyyətlərindən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, bu məsələlər kompleks şəkildə təhlil edilib: “Vahid aylıq müavinət verilməsi Prezident İlham Əliyevin fərmanı ilə 2017-ci il yanvar ayının 24-dən qüvvəyə minib. Bu fərmanla əvvəllər məcburi köçkün soydaşlarımıza verilən yemək xərci və kommunal xidmətlərə xərclənən vəsaitlər vahid aylıq müavinətdə cəmləşib. Vahid aylıq müavinətin məcburi köçkünlərə verilməsi ilə bağlı Nazirlər Kabineti tərəfindən qaydalar tərtib olunub və həmin qaydalar 11 saylı qərarla təsdiqlənib. Qərara uyğun olaraq, bir neçə kateqoriyada olan məcburi köçkünlərə vahid aylıq müavinət şamil olunmur. Məsələn, dövlət qulluğunda çalışanlar, adlarına mülkiyyət olanlar, bir müddət ölkə xaricində yaşayanlar, məcburi köçkün olmayan şəxslərlə ailə qurmuş məcburi köçkün qadınlar bu qrupa daxildir. Komitə müraciətləri nəzərə alaraq, bu bəndlərin dəyişdirilməsi üçün təkliflər planı hazırlayır. Həmin bəndlərə yumşalma ilə bağlı kompleks tədbirlər və dəyişiklikləri hazırlayandan sonra Nazirlər Kabinetinə təklif edəcəyik. Ancaq burada kollegial qərar qəbul edilməlidir. Nazirlər Kabineti həmin təklifləri müxtəlif dövlət qurumlarına, nazirliklərə, agentliklərə, komitələrə rəy və təkliflərin alınması üçün göndərəcək. Yalnız bundan sonra qərar qəbul ediləcək. Bununla bağlı hər hansı qərar qəbul edildikdə ictimaiyyət məlumatlandırılacaq”.
Apa