Ötən il dövlət büdcəsinə vəsait qaytaran nazirliklər və dövlət qurumları açıqlanıb.
FED.az xəbər verir ki, “Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatda qeyd edilib ki, hesabat ilində əvvəlki illərdə başa çatmış auditlər üzrə həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 379,6 min manat, Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən 795,5 min manat, AMEA tərəfindən 13,9 min manat, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 7,0 min manat, bank kredit, valyuta əməliyyatları və dövlət borcu ilə bağlı audit üzrə isə 480,5 min manat, DSMF-in Gəncə şəhəri Kəpəz və Nizami, həmçinin Abşeron və Salyan rayon şöbələri tərəfindən 13,1 min manat vəsaitin dövlət büdcəsinə bərpası təmin edilib.
Əlavə olaraq bildirilib ki, BNA tərəfindən 128,9 min manat və AMEA tərəfindən 355,1 min manat məbləğində debitor borc bağlanıb. Hesablama Palatası əvvəlki illərdə “Dövlət sirri haqqında“ Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun şəkildə başa çatdırılmış audit tədbirlərinin nəticələri ilə bağlı görülmüş tədbirləri də izləmiş və həmin məlumatlar Hesabata icmal qaydada daxil edilib.