“Şəxs illərlə işləyib və onun gəlirindən kapital yığılıbsa, həmin vəsait hissə-hissə və ya birdəfəlik şəkildə onun övladlarına ödənilməlidir”
Azərbaycanda pensiya yaş həddi ilə bağlı müzakirələr səngimir. Bəzi araşdırmaçılar orta ömür həddinin aşağı düşdüyün iddia edərək, bunun əksinə olaraq pensiya yaş həddinin qaldırılmasını paradoksal vəziyyət kimi qiymətləndirirlər.
FED.az xəbər verir ki, bu günlərdə iqtisadçı-alim Vüqar Bayramov pensiyalarla bağlı diqqətçəkən təkliflər irəli sürüb. O, xüsusilə bu sahədə vərəsəlik prinsipinin tətbiqini vacib hesab edir. Yəni illərlə pensiya ödəmiş şəxs pensiya yaşına çatmadan vəfat edərsə, onun topladığı vəsait varislərinə ödənilsin.
Eləcə də bax: Vətəndaş vəfat etsə də - VERGİSİ ÖDƏNİLMƏLİDİR - NAZİRLİKDƏN AÇIQLAMA
Məsələnin hüquqi aspektlərini AYNA-ya şərh edən hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, bizim qanunvericilikdə əmək pensiyasının ər-arvad vərəsəliyi mövcuddur: “Ərlə arvaddan biri dünyasını dəyişirsə, onun pensiyasını həyat yoldaşı ala bilər. Digər vərəsələr – övladlar isə qanunda nəzərdə tutulmayıb. Amma zərurət varsa, qanuna əlavələr ola bilər”.
Ə.Həsənov hesab edir ki, pensiyaçının himayəsində kimsə qalıbsa, həmin insana bu pulun verilməsi daha məqsədəuyğundur: “Qanunda da əksini tapan maddəyə görə, ər və ya arvaddan biri ölürsə, digərinə pulun verilməsinin məntiqi izahı var, çünki ailədə ər və arvadın əmlakı birgə sayıldığından, avtomatik bu məbləğ digərinin adına keçir”.
“Lakin əmək pensiyasının vərəsələrin adına keçirilməsi təklifi ilə razı deyiləm. Yaxşı bilirik ki, ölkədə pensiyalardan sui-istifadə forması da var. Azərbaycanda elə insan var ki, qanunsuz pensiya alır, yaxud pensiya məbləğinə qeyri-leqal şəkildə əlavələr olunur. Bu səbəbdən əmək pensiyalarının vərəsələrin adına keçməsi dövlət üçün əlavə yük ola bilər. Beynəlxalq təcrübədə, bildiyim qədər belə bir şey yoxdur”, - deyə vəkil bildirib.
Vəkil Kamran Kazımov da mövzu barədə fikirlərini AYNA-ya açıqlayıb. O bildirib ki, ölkə qanunvericiliyinə görə, ailə başçısını itirmiş şəxsin, 18 yaşına kimi bu pensiyanı almaq hüququ var: “Düşünürəm ki, bu, ədalətli deyil. Şəxs illərlə işləyib və onun gəlirindən kapital yığılıbsa, həmin vəsait hissə-hissə və ya birdəfəlik şəkildə onun övladlarına ödənilməlidir. Məncə, bu məsələdə qanunda boşluq var. Bu, şəxsin hüququnun pozulmasıdır. Hansısa formada bu problem həllini tapmalıdır”.
Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanuna görə, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ var:
1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları:
1.1.1. 18 yaşına çatmamış;
1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil;
1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək;
1.2. ata, ana, ər, arvad “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud I və ya II qrup əlildirsə;
1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə.
Ayna